DSX Sahil Mühafizəsinin gəmi zavodu açılıb- FOTOLAR

Dəniz sərhədlərimizin mühafizəsi güclənir Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Bakının Türkan qəsəbəsindəki bazasında yeni gəmi inşası zavodu istifadəyə verilib.

“AzeriDefence”nin xəbərinə görə, prezident, Ali Baş Komandan İlham Əliyev mərasimdə iştirak edib.

Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Ali Baş Komandana məlumat verilib ki, zavod 13 min kvadratmetr ərazidə inşa olunub.

Prezident İlham Əliyev gəmi inşası zavodunun baş planına, maketinə və gəmi tikintisi zamanı istifadə olunan dəzgahlara baxıb.

Qeyd edək ki, dövlət başçısının 2013-cü il 11 sentyabr tarixli Sərəncamı ilə təsdiq olunan “Azərbaycan Respublikasının dəniz təhlükəsizliyi strategiyası”na əsasən Dövlət Sərhəd Xidmətinə həvalə edilmiş vəzifələrin icrası, o cümlədən Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsi sahələrində mümkün təhdidlərin qarşısının alınması üzrə qüvvə və vasitələrin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür.

Sonra Azərbaycan prezidenti yeni gəmilərin taktiki-texniki göstəricilərindən bəhs edən videoçarxa baxıb.

Bildirilib ki, artıq bu zavodun imkanları hesabına Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi üçün itisürətli və yüksək üzmə qabiliyyətli 3-cü dərəcəli iki sərhəd gözətçi gəmisinin inşası başa çatıb. Mükəmməl naviqasiya və rabitə-radiotexnika avadanlığının quraşdırıldığı, Xəzər dənizində ağır üzmə şəraitində xidməti vəzifələri yerinə yetirə bilən sərhəd gözətçi gəmiləri müasir silahlarla təchiz edilib. Hazırda 100-dək mütəxəssisin işlə təmin olunduğu zavodda yeni 2-ci dərəcəli sərhəd gözətçi gəmilərinin inşasına başlanıb.

Daha sonra Ali Baş Komandan yeni sərhəd gözətçi gəmisinin dənizdə manevrlərinə baxıb.

Məlumat verilib ki, Xəzər dənizinin Azərbaycana aid olan hissəsində dövlət sərhədlərinin mühafizəsi, sərhədboyu rejimin təmin olunması, karbohidrogen ehtiyatlarının hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi istiqamətində xidməti vəzifələrin icrası zamanı yeni gəmilərin imkanlarından geniş istifadə ediləcək. Yaxın müddətdə zavodun imkanları hesabına Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin sərhəd gözətçi gəmilərinin tam yenilənməsinə və nəticə etibarilə sərhəd sularında dövlət maraqlarının qorunması imkanlarının əhəmiyyətli dərəcədə genişləndirilməsinə nail olunacaq.

Azərbaycanın ərazi bütövlüyünün qorunmasında, sərhədlərimizin təhlükəsizliyinin təmin olunmasında sərhədçilər bundan sonra da yüksək peşəkarlıq nümayiş etdirəcəklər.

KATEQORIYA:
Bu xəbəri paylaş