
DSX: Son bir ayda 50.2 kq narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb
Dövlət Sərhəd Xidməti tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində cari ilin yanvar ayının 1-dən etibarən 5 halda ümumi çəkisi 50 kq 230 qram və 8500 ədəd həb şəklində narkotik vasitənin və psixotrop maddələrin qaçaqmal yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
Bu barədə “AzeriDefence”ə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən məlumat verilib.
Həyata keçirilmiş tədbirlər nəticəsində 4 nəfər Azərbaycan və 2 nəfər İran vətəndaşı saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunublar.
Təkcə son 10 gün ərzində Azərbaycan-İran dövlət sərhədində 3 halda ölkə ərazisinə narkotik vasitələrin gətirilməsinin qarşısı alınıb.
“Bu nəticələr dövlət sərhədinin fiziki və texniki yolla mühafizəsinin təkmilləşdirilməsi, bilavasitə dövlət sərhəd xəttində müasir müşahidə və aşkaretmə avadanlıqlarının tətbiqi, əməliyyat-axtarış fəaliyyətinin genişləndirilməsi, İran İslam Respublikasının sərhəd qoşunları ilə qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsi sayəsində əldə olunub. Sərhəd pozma hallarının hər biri barədə sərhəd nümayəndəliyi xətti İran sərhədçiləri müvafiq qaydada məlumatlandırılıb. Bu kimi hallara qarşı birgə mübarizə tədbirlərinin gücləndirilməsi razılaşdırılıb. Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”, – deyə məlumatda bildirilir.