DSX tərəfindən bu günə qədər 11 557 sərhəd pozucusu saxlanılıb

DSX tərəfindən bu günə qədər 11 557 sərhəd pozucusu saxlanılıb

Dövlət Sərhəd Xidmətinin fəaliyyəti dövründə Azərbaycan sərhədçiləri tərəfindən 11 min 557 sərhəd pozucusu, 160 min 870 nəfər rejim pozucusu, 40 min 779 nəfər axtarışda olan şəxs saxlanılıb, təxmini dəyəri 196 milyon 815 min 551 manat olan qaçaqmalın, o cümlədən 9 ton 281 kq narkotik vasitələrin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Azeri Defence saytının məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

DSX rəisi bildirib ki, bu illər ərzində Dövlət Sərhəd Xidməti tərəfindən Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin aşkarlanması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində xarici xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb edilən 19 nəfər və əlaqədə şübhəli bilinən 93 nəfər Azərbaycan, 28 nəfər xarici vətəndaş aşkar olunub, terrorçuluğa qarşı mübarizə çərçivəsində 98 şəxs saxlanılıb, 409 nəfərin şəxsiyyəti müəyyən edilib: “Qanunsuz miqrasiya, qaçaqmalçılıq, o cümlədən narkotik qaçaqmalçılığı ilə məşğul olan 173 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Bu statistik rəqəmlərin arxasında zabit və gizirlərimizin, çavuş və əsgərlərimizin gündəlik fədakar xidməti, göstərdikləri rəşadət və qəhrəmanlıqlar durur.

Təməli Ulu Öndər tərəfindən qoyulmuş Azərbaycan Respublikasının sərhəd təhlükəsizliyi strategiyasının uğurlu davamı Dövlət Sərhəd Xidmətini dövlət sərhədlərinin etibarlı mühafizəsini təşkil etməyə qadir bir quruma çevirilib. İqlimindən, relyefindən, şəraitindən asılı olmayaraq Vətənimizin quru və su sərhədləri sayıqlıqla qorunur, ölkəmizin sərhəd təhlükəsizliyi yüksək səviyyədə təmin olunur. Bu gün əsas hədəfimiz işğal altında olan ərazilərimizdə sərhəd mühafizəsinin qurulmasıdır. Bu, hər bir Azərbaycan sərhədçisinin müqəddəs vəzifəsi və şərəf işidir!”.

KATEQORIYA:
Bu xəbəri paylaş