DSX: Xəzərdə batan gəminin heyət üzvləri xilas edilib

DSX: Xəzərdə batan gəminin heyət üzvləri xilas edilib

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi tərəfindən Xəzər dənizinə çıxan üzmə vasitələrinə nəzarətin təşkili və xilasetmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, Xəzər dənizinin cənub istiqamətində Salyan reydində sahildən 3,5 mil (6 km) məsafədə olan “İdris” balıqçı gəmisindən gəmidə dəliyin əmələ gəlməsi, gəminin batma təhlükəsi ilə üzləşməsi və heyət üzvlərinin xilas edilməsinə ehtiyacın olması ilə bağlı DSX Sahil Mühafizəsinin yaxınlıqdakı sahil nəzarəti bölməsinə məlumat daxil olub.

Sahil nəzarəti bölməsi tərəfindən dərhal operativ tədbirlər həyata keçirilərək xilasetmə üçün həmin istiqamətə kiçik həcmli üzmə vasitəsi göndərilib. Gəmidə dəliyin böyük olması səbəbindən daxil olan suyun qarşısını almaq mümkün olmayıb və 4 balıqçı xilas edilib. Daha sonra gəminin batması müşahidə olunub.

Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən xilas edilən şəxslərin Neftçala rayon sakinləri gəmi kapitanı 1958-ci il təvəllüdlü Talıbov Ələsgər Məmmədəli oğlu, mexanik 1963-cü il təvəllüdlü Mikayılov Əlimədət Ağasadiq oğlu, matros 1962-ci il təvəllüdlü Əhmədov Ələddin Tapdıq oğlu, matros 1982-ci il təvəllüdlü Novruzov Əsgər Məhərrəm oğlu olmaları müəyyən edilib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş