DSX xüsusi təyinatlılarının təlimi keçirilib – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə mayın 17-dən 19-dək “Ağgöl” səhra təlim mərkəzində “Azərbaycan dövlət sərhədini pozaraq hücuma keçən düşmən qüvvələrinin hücumunun qarşısının alınması, əks həmlədən hücuma keçərək düşmən qüvvələrinin məhv edilməsi və dövlət sərhədinin bərpa edilməsi” mövzusunda irimiqyaslı taktiki təlimlər keçirilib.

Bu barədə “AzəriDefence”yə Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Təlimlərin əsas məqsədi Azərbaycan prezidenti, Silahli Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icrası, şəxsi heyətə Vətənə məhəbbət, qələbəyə inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanması, eləcə də çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsi olub.

Döyüş atışlı təlimlərin üçüncü mərhələsi Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilib.

Üç mərhələdə keçirilən təlimlər zamanı Dövlət Sərhəd Xidmətinin qüvvə və vasitələri tərəfindən şərti düşmənin dövlət sərhədini pozan qoşun qrupları zərərsizləşdirilib və dövlət sərhədi bərpa edilib. Üçüncü mərhələnin başlanğıcında pilotsuz uçuş aparatı vasitəsilə düşmən qüvvələrinin yerləşməsi müəyyən edildikdən sonra düşmən arxasında kəşfiyyat fəaliyyətini həyata keçirmək məqsədi ilə təyyarə və helikopterlərdən paraşutlarla desantın atılması təmin edilib. Hava desantının uğurlu əməliyyatından sonra şərti düşmənin dayaq məntəqələrinə və dövlət sərhədini pozan zirehli texnikalarına qarşı döyüş helikopterlərindən və zenit artilleriya qurğularından açılan atəşlə onların irəliləməsinin qarşısı alınıb. Sonra, düşmən qruplarına havadan dəstək üçün göndərilən döyüş helikopterləri daşınan zenit-raket kompleksləri vasitəsilə məhv edilib. Düşmən hücumunun qarşısını alan qüvvələr atəş üstünlüyünü əldə etməklə çevik hərəkət bölmələrinin sürətli əks hücuma keçməsinə şərait yaratıb. Daha sonra  zirehli texnikalar üzərində hücuma keçən bölmələr düşmənin dayaq məntəqələrində yerləşən canlı qüvvəsini və zirehli texnikalarını sərrast atışlarla məhv ediblər. Döyüşə yeridilən 2-ci eşalon qüvvələri düşmənin ehtiyatlarını məhv edərək dövlət sərhədini bərpa ediblər.

Bundan başqa, təlimlərdə döyüş əməliyyatları zamanı helikopterlər vasitəsilə döyüş bölgəsinə əlavə qüvvələrin çatdırılması, yaralıların təxliyə edilməsi, sıradan çıxan avtomobil və zirehli texnikaların təmir-təxliyə qrupu tərəfindən döyüş sahəsindən çıxarılması elementləri də uğurla işlənilib. Təlimlər zamanı bölmələrin real döyüş şəraitində idarə olunmasına,  çevik hərəkət qüvvələri və aviasiya bölmələri arasında yüksək qarşılıqlı fəaliyyətə nail olunub.

Təlimlərdə zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçirilib. Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, döyüş atışı vərdişləri təkmilləşdirilib. Dövlət Sərhəd Xidmətinin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşiya qoyulan döyüş tapşirıqıqlarını uğurla yerinə yetirib, təlim müvəffəqiyyətlə başa çatıb.

Elçin Quliyev təlimdə iştirak edən şəxsi heyəti qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə təbrik edib və döyüş hazırlığınin daha da yüksəldilməsi üzrə bölmələr qarşısında yeni tapşırıqlar müəyyən edib.  Sonra, E. Quliyev Azərbaycan sərhədçilərinin Azərbaycan prezidenti, Silahli Qüvvələrinin Ali Baş Komandani İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları şərəflə icra etməyə daim hazır olduqlarını xüsusi vurğulayıb.

DSX CEVIK TELIM (7)

DSX CEVIK TELIM (9)

DSX CEVIK TELIM (6)

DSX CEVIK TELIM (10)

DSX CEVIK TELIM (3)

DSX CEVIK TELIM (5)

DSX CEVIK TELIM (2)

DSX CEVIK TELIM (1)

DSX CEVIK TELIM (4)

KATEQORIYA:
Bu xəbəri paylaş