DSX yeni texnikaları silahlanmaya qəbul etdi

Mİ-35 və COBRAlar SİLAHLANMAYA GİRDİAzərbaycan Dövlət Sərhəd Xidmətinin (DSX) son vaxtlar aldığı bir sıra silah və hərbi texnika, o cümlədən helikopterlər bu gün Sərhəd Qoşunlarının döyüş sıralarına daxil edilib. “AzeriDefence”nin məlumatına görə, bununla bağlı keçirilən mərasimə DSX rəisi, general-leytenant Elçin Quliyev və baş nazirin birinci müavini Yaqub Eyyubov, həmçinin DSX rəsmiləri qatılıb.

Tədbirdə əvvəlcə yeni silah və texnikalara baxış keçirilib. Yeni texnikaların texniki-taktiki xüsusiyyətləri barədə məlumat verilib. Bildirilib ki, yeni alınmış döyüş texnikaları müxtəlif hərbi tapşırıqları yerinə yetirmək üçün geniş imkanlara malikdir və ən müasir silahlarla təchiz olunub.

Daha sonra DSX-nın yeni aldığı Mi-35M, Mi-17V-1 tipli helikopterlər, Türkiyənin Otokar şirkətindən alınmış Cobra, ZPT və Land Rover Defender, Ukrayna istehsalı olan Skif markalı tank əleyhinə idarə olunan raket, İgla-S tipli portativ zenit raketləri silahlanmaya qəbul edilib.

Daha sonra DSX-nın döyüş sıralarına qəbul edilmiş Mi-35M tipli helikopterin nümunəvi uçuşu nümayiş etdirilib. Helikopter 45 dərəcə bucaq altında forsajlı döngələr, şığıma, yüksəlmə, döyüş dönməsi, dönmə uçuşu və digər mürəkkəb elementləri uğurla icra edib.

Qeyd edək ki, Mi-35 helikopterləri Mi-24 helikopterlərinin zirehli tank texnikasının məhv edilməsi üçün nəzərdə tutulmuş və müasirləşdirilmiş versiyasıdır. Daha güclü mühərrikə malik bu helikopterlər həmçinin desant və yaralıların evakuasiyası, bölmələrin atəş dəstəyi ilə təmin olunması, qoşqu vasitəsilə yüklərin daşınmasını həyata keçirə bilir.

Helikopter gecə, gündüz, hər cür hava şəraitində 4 km-dən çox məsafədəki obyektləri tanımağa imkan verən IRTV-445MGH termal müşahidə sistemi, GPS115L GARMIN peyk naviqasiya sistemi ilə təchiz olunub. Helikopterin silahlanmasına 8 ədəd 9M114 kumulyativ döyüş başlıqlı “Şturm-V” tipli idarə olunan tank əleyhinə raketlər, 80 mm çaplı S-8, və 240 mm-lik S-24 idarə olunmayan raketlər, 12,7 mm çaplı 9-A-629, 2 ədəd 7,62 mm çaplı 9-A-622 markalı pulemyot, 30 mm-lik 9-A-800 markalı qumbaraatan, 50 kq-dan 500 kq çəkiyədək müxtəlif bombalar daxildir.

KATEQORIYA:
Bu xəbəri paylaş