DTX: Azərbaycan Ordusunun döyüş potensialının zəiflədilməsinə yönələn qərəzli məlumatlar yayan şəxslər haqqında sərt tədbirlər görüləcək

DTX: Azərbaycan Ordusunun döyüş potensialının zəiflədilməsinə yönələn qərəzli məlumatlar yayan şəxslər haqqında sərt tədbirlər görüləcək

Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirən, əhali arasında çaşqınlıq və inamsızlıq yaradan şəxslər barədə tədbirlər görüləcək.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.

DTX-nin məlumatında bildirilir ki, Azərbaycan-Ermənistan sərhədindəki döyüş əməliyyatları ilə bağlı ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək, əhali arasında çaşqınlıq və inamsızlıq yaratmaq üçün ayrı-ayrı sosial şəbəkələrdə və media səhifələrində məqsədyönlü şəkildə hadisələrin mahiyyəti barədə aşkar surətdə yalan və qərəzli, o cümlədən guya, ərazilərimizin bir hissəsinin düşmən tərəfindən tutulması, itkilərimizin sayının gizlədilməsi, hərbi mövqelərimizin və texnikanın ələ keçirilməsinə dair xəbərlər yayılmaqdadır.

Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, bu cür dəqiqləşdirilməmiş və qərəzli məlumatların, mülahizələrin və paylaşımların heç bir əsası yoxdur.

“Azərbaycan xalqı bilməlidir ki, Silahlı Qüvvələrimiz düşmənin hücumlarının qarşısını qətiyyətlə almağa daim hazırdır. Ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə ən zəruri tədbirlər görülməkdədir. Cəbhə xəttində yaranmış gərgin vəziyyətdə vətəndaşlarımızın soyuqqanlı olmasını, heç bir təxribata uymamasını və dövlətçilik mövqeyindən çıxış etməsini olduqca zəruri hesab edirik.

Azərbaycan Ordusu, onun döyüş potensialının zəiflədilməsinə yönələn, habelə ərazi itkiləri və insan tələfatı barədə yoxlanılmamış və qərəzli məlumatlar yayan şəxslər haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq ən sərt tədbirlər görüləcəkdir. Bir daha vətəndaşlarımızdan milli həmrəylik nümayiş etdirməyi və yalnız rəsmi dövlət orqanlarının məlumatlarına istinad etməyi və inanmağı xahiş edirik”.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş