DTX və XKX rəhbərləri Türkiyədə səfərdə olublar

DTX və XKX rəhbərləri Türkiyədə səfərdə olublar

Yanvarın 6-da Ankarada Türkiyənin Milli İstihbarat Təşkilatının Mərkəzi Aparatının “Qala” yeni inzibati binasının açılışı olub.

DTX-nin İctimai əlaqələr şöbəsindən “AzeriDefence”yə verilən məlumata görə, Prezident İlham Əliyevin tapşırığı, Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidanın dəvəti ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin və Xarici Kəşfiyyat Xidmətinin rəisi general-leytenant Orxan Sultanovun rəhbərlik etdikləri nümayəndə heyətləri mərasimdə iştirak ediblər.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tədbirdə çıxış edərək qardaş ölkənin xüsusi xidmət orqanlarının keçdiyi tarixi yola nəzər salıb, hazırda Milli İstihbarat Təşkilatının qarşısında duran mühüm vəzifələr, eləcə də Türkiyənin maraqlarının və təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində görülən işlər barədə danışıb. Dövlət başçısı “Qala”nın istifadəyə verilməsi münasibətilə Milli İstihbarat Təşkilatının əməkdaşlarını təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Yeni binanın açılışını bildirən rəmzi lentin kəsilməsi mərasimində Türkiyənin ali dövlət rəhbərliyi, hökumət üzvləri və digər rəsmi şəxslərlə yanaşı, general-leytenant Əli Nağıyev və general-leytenant Orxan Sultanov da iştirak ediblər.

Tədbir zamanı Rəcəb Tayyib Ərdoğan Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin təmsilçiləri ilə görüşüb. Azərbaycan nümayəndə heyətlərinin rəhbərləri dövlət başçısı İlham Əliyevin Türkiyə Prezidentinə salamlarını və təbrikini, eləcə də dost və qardaş ölkəyə milli təhlükəsizliyinin hərtərəfli təmin olunması işində yeni-yeni uğurların əldə edilməsi barədə arzularını çatdırıblar.

Rəcəb Tayyib Ərdoğan da Prezident İlham Əliyevə salamlarını yetirib, təbrikə və xoş diləklərinə görə təşəkkürünü bildirib.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş