Dubay aviaşousu başlayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərində “Dubai Airshow-2013” işə başlayıb. “AzeriDefence”nin məlumatına görə, aviaşou və sərgi noyabrın 21-dək davam edəcək.

Sərgidə bəziləri Yaxın Şərqdə ilk dəfə olmaqla 150 təyyarə əyani şəkildə nümayiş etdirilir. Tədbirdə ümumilikdə dünyanın müxtəlif ölkələrindən 1000-dən artıq firma iştirak edir.

Sərgidə Azərbaycanı aviasiya sektorunda fəaliyyət göstərən “Azairtechservise” şirkəti təmsil edir. Şirkət sərgidə özünün müxtəlif məhsul və xidmətlərini sərgiləyir. Burada ziyarətçilərə “Azairtechservice” firmasının fəaliyyəti barədə məlumatlar təqdim olunub.

Sərgi-aviaşouda Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndələri də iştirak edirlər.

Sərgi və aviaşou günlərində Eurofighter “Typhoon”, Boeing F/A-18 “Super Hornet”, JF-17 “Thunder”, həmçinin Körfəz regionunda ilk dəfə A-400M təyyarələri uçuşlar yerinə yetirəcəklər.

Statik parkda isə Bell/Boeing V-22 “Tilt Rotor”, Qatar Airways şirkətinə məxsus B787-8 “Dreamliner”, Emirates şirkətinə məxsus A-380, habelə CH-47F “Chinook” helikopteri, ADCOM şirkətinin istehsalı olan “United-40” və ADASI şirkətinin istehsalı olan “Aerostat 200” pilotsuz uçuş aparatları, Bombardier, Embraer, Gulfstream və Dassault Aviation şirkətlərinin istehsalı olan 50-dən artıq biznes təyyarələr nümayiş olunur.

Sərgi bölməsində Türkiyəni TAI, TEI, HAVELSAN, Vestel Savunma, Ayesaş və Turkish Tecnik firmaları təmsil edirlər.

KATEQORIYA:
Bu xəbəri paylaş