Dünya hərbi sənayesi virusla mübarizə aparır. Bəs biz?

Dünya hərbi sənayesi virusla mübarizə aparır. Bəs biz?

Yeni tip koronavirus dünyanı hazırlıqsız yaxaladı. “Soyuq müharibə” dövründə kimyəvi, bioloji və bakteroloji təhdidlərə hazırlıqlı olan Rusiya, Çin, ABŞ və NATO bloku ölkələrinin, hətta İsrailin anidən yaxalandıqları virusla mübarizədə loru dillə desək “ehtiyatı əldən verdikləri” göründü. Dünyanı bürüyən pandemiya yenidən dövlətlərin KBRN (Kimya, Bioloji, Radioaktiv və Nüvə) müdafiəsini gündəmə daşıyır ki, bu da postpandemiya dövründə KBRN sənayesinin yenidən canlanacağı proqnozlaşdırmağa əsas verir.

Bu gün dünya miqyasında pandemiya ilə mübarizədə əsas ağırlığı müdafiə sənayesi müəssisələri daşıyır. “Lockheed Martin”, “Northrop Grumman”, “BAE Systems”, SAAB, ROSTEX, ASELSAN, “Elbit Systems”, “Poly Technologies”, “Airbus”, “Leonardo” kimi dünya müdafiə sənayesinin “devləri” viruslu insanların aşkarlanmasından dezinfeksiya işlərinə və təxliyyə sistemlərinə, analiz cihazlarına, qoruyucu vasitələrədək çox sayda zəruri məhsulların yaradılması və istehsalını həyata keçirir.

Pandemiyanın geniş yayıldığı qonşu İranda, Türkiyədə, Rusiyada və Qazaxıstanda aparıcı müdafiə sənayesi şirkətləri qısa müddətdə və sürətli şəkildə məsafədən hərarət ölçən cihazların, xəstələrin daşınması üçün izolyasiya edilmiş xərəklərin, geyimlərin, maskaların, qoruyucu üzlüklərin, nəfəs aparatlarının, dezinfeksiyedici və temperatur ölçən dronların, mobil hospitalların istehsalını qurmağa və məhsulları xəstəxanalara çatdırmağa nail oldular. Rusiyanın və İranın hərbi müəssisələri də demək olar ki, bioloji və bakteroloji mübarizə vasitələrinin istehsalına kökləniblər. Bioloji silahların tədqiqi ilə məşğul olan laboratoriyalar virusun tədiqiqi, onun neytrallaşdırılması istiqamətində elmi-tədqiqat işləri aparır.

Qonşumuz, qardaşımız Qazaxıstanda “Kazakhstan Engineering” Milli Şirkətinə daxil olan müəssisələr profili qısa müddətdə dəyişərək ümumi və tibbi məhsulların istehsalına başlayıblar. Gecə görmə cihazları istehsal edən “Kazakhstan ASELSAN Engineering” şirkəti məsafədən insanların bədən istiliklərini ölçən elektro-optik cihazların, “Tınıs” zavodu tibbi maskaların, təcili yardım maşınlarına quraşdırılması üçün ventilyasiya cihazlarının, döyüş gəmiləri və katerlər istehsal edən “Petropavlovsk ağır maşınqayırma zavodu”, “S.M Kirov adına Zavod” və “Munaymaş” ASC nəqliyyat vasitələrini dezinfeksiya qurğularının istehsalına başlayıb. Almatı şəhərində yerləşən, yerləşən öldürücü olmayan silah və praktiki döyüş sursatı istehsal edən “Alma-DK” və “Kalkan-7” zavodları xüsusi dezinfeksiyaedici vasitələrin və qoruyucu kostyumların istehsalını təşkil ediblər.

Müdafiə sənayesi şirkətlərinin hazırkı dövrdə pis-yaxşı KBRN sistemlərin, qoruyucu vasitələrin istehsalı üzrə çalışmaları ölkə daxili böyük ehtiyacları qarşılamaqdan əlavə, həm də əhəmiyyətli ixrac potensialı deməkdir.

KBRN sənayesinin hazırkı gəlirləri də pis deyil. Müqayisə üçün deyim ki, təkcə N95 maskalarının patentli istehsalçısı olan 3M şirkətinin aprel ayının birinci yarısında aldığı sifarişin həcmi 75 milyon ABŞ dolları təşkil edib. Aprelin əvvəlində Tramp adminstrasiyası koronavirusla əlaqədar 166.5 milyon ədəd N95 maskasının alınacağını açıqlayıb. Ehtimallar var ki qeyd edilən satınalma ilə bağlı müqavilələr aprelin sonunadək bağlanacaq. Qeyd edim ki, 3M şirkətinin N95 maskalarının illik istehsal həcmi hazırkı iş rejimində 1.1 milyard ədəd, aylıq 100 milyon ədəd təşkil edir.

Dezinfeksiya və deqazasiya sistemlərinin istehsalı üzrə ixtisaslaşmış Almaniyanın “Karcher Futuretech” şirkəti sifarişləri birdən birə necə artıbsa, indi qəbul edilən sifarişlərin 2023-cü ildən başlayaraq çatdırıla biləcəyini bəyan edib.

Qonşularımızdan bəhs etmişkən, özümüzə də bir nəzər yetirmək istərdim. Bu kritik vəziyyyətdə hamımıza maraqlıdır, müdafiəmizin milli imkanlar hesabına təmin edilməsinə cavabdeh Müdafiə Sənayesi Nazirliyinin müəssisələri və elmimizin inkişafına məsul olan AMEA-da nə yeniliklər var.

Təəssüflə deyə bilərəm ki, “heç nə”.

Hazırkı şəraitdə o müəssisələrə bir rezin əlcək istehsal olunsaydı, yüz faiz müəssisə rəhbərləri bunu bütün TV-lərdə nümayiş etdirmişdilər.

Sual edilə bilər: Əcəba, əleyhqaz və kimya geyimləri istehsal edən “Üfüq” İstehsalat Birliyi maska, mühafizə geyimləri, vizorlar, “Optika-Mexanika” İstehsalat Birliyi məsafədən temperaturu ölçən cihazlar buraxa bilməzdimi?

Təbii ki, bilərdi. Vaxtında müdafiə sənayesinin modeli, perspektiv inkişafının yol xəritəsi yaradılsaydı, ikili təyinatlı istehsal xəttləri və real istehsal qurulsaydı mümkün idi. Qazaxıstan kimi, dünyanın aparıcı istehsalçılarından patentli məhsulların istehsalına lisenziyalar alına, yaxud yerli elmi-tədqiqat müəssisələrində sifarişlə, “dar gün üçün” məhsullar yaradıla bilərdi. Kanadanın “Scott and Safety” şirkətinin Çində lisenziyasız buraxılan əleyhqazlarını, hazır filtrləri alıb, üstünə milli etiketi yapışdırıb, yerli istehsal adıyla sifarişçiyə verənlər bunu düşünməli idilər.

Sabah, bir il sonra kim zəmanət verir ki, koronavirusdan sonra, ondan da təhlükəli başqa bir virus çıxmayacaq?

Yenə də gec deyil. Koronavirus dünyanın gözünü qırdı. Silahlara milyonlar, milyardlar sərf edənlər postkorona dövründə KBRN sistemlərinə “hücum çəkəcəklər”. Bu imkanlardan niyə də sənayemiz yararlanmasın?

Hesab edirəm ki, Müdafiə Sənayesi Nazirliyinin rəhbərliyi bu məsələləri də diqqətdə saxlayacaq, yaxın perspektivdə bu sahədə hərbi sənaye müəssisələrimizin layihələrinə şahidlik edəcəyik.

Rəşad Süleymanov

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş