Dünya yeni silahlanma yarışında – TƏHLİL


Dünyada başlayan yeni silahlanma yarışı regional parçalanmaların açıq göstəricisidir. Bu gün bu yarışda ciddi canfəşanlıq edən ölkələr arasına Səudiyyə Ərəbistanı ilə Çini də əlavə etmək olar.
Dünyadakı problemlərin araşdırılması ilə məşğul olan qurumların hesabatlarına görə, hazırda Asiya, Afrika və Şərqi Avropa ölkələrində hərbi xərclər ciddi şəkildə artmaqdadır.
Doğrudur, ötən il ümumilikdə dünyada silahlanmaya xərclənin pulun miqdarı 0,4 faiz azalıb. Amma bu o demək deyil ki, dünya bu məsələdə sakitləşib. Əksinə, vəziyyət gərginləşməyə doğru gedir.
Problemlərin Araşdırılması üzrə Beynəlxalq Stokholm İnstitutunun hesabatında deyilir ki, Asiya-Sakit okean regionunda, xüsusilə də Şərqi Avropada silahlanma nümayişkəranə şəkil alıb. Bu sırada ön yeri isə Səudiyyə Ərəbistanı tutur.
ABŞ və Qərbi Avropa ölkələrinə gəldikdə isə məlum olur ki, bu ölkələr hərbi xərclərini bir qədər azaldıblar.
İnstitutun hesabatına görə, 2014-cü ildə dünyada hərbi məqsədlər üçün dövlət büdcələrindən 1,776 trilyon ABŞ dolları ayrılıb. Bu məbləğ 2013-cü illə müqayisədə 0,4 faiz aşağıdır.
Həmin azalma isə Qərbi Avropa və ABŞ-ın payına düşür. Lakin qeyd olunduğu kimi Şərqi Avropa, Afrika, Asiya, Sakit okean bölgəsi və Yaxın Şərqdə, o cümlədən Səudiyyə Ərəbistanında hərbi yönümlü xərclər rekord məbləğdə – 17 faiz artıb.
Hesabata görə, Səudiyyə Ərəbistanının ötən il hərbi xərclərə ayırdığı məbləğ 80,8 milyard olub.

Onu da xatırladaq ki, hazırda Səudiyyə Ərəbistanı Yəməndə hakimiyyəti ələ keçirmiş husilərə qarşı aparılan hərbi koalisiyaya da rəhbərlik edir.
Bir çox analitiklərin mülahizələrinə əsasən, bu NATO-ya yaxın olan ərəb hərbi koalisiyasında əsas hədəf İrandır. Buna baxmayaraq, hazırkı məqamda səudiyyəlilərin İrana qarşı açıq müharibə etmək imkanının nə qədər aşağı olduğu da bəllidir.
İnstitutun dünyadakı hərbi xərclər üzrə eksperti Sem Perlo-Frimanın sözlərinə görə, dünyada hərbi məqsədlərə ayrılan xərclərin bu şəkildə artması heç də yaxşı gələcəkdən xəbər vermir. Bütün bunlar dünyadakı təhlükəsizliyi şübhə altına alır. Digər tərəfdən isə hərbi xərclərin artması bəzi ölkələrdəki hakimiyyətlərin yerlərdə anti-demokratik manevrlərinə imkan yaradır.
Çinin ötən il hərbi xərclərə ayırdığı vəsait isə 9,7 faiz artıb. Ötən ilin yekunlarına görə, bu Çin 2014-cü ildə müdafiə xərcləri üçün 216 milyard dollar vəsait xərcləyib.
Hələ ki, hərbi xərclərə ayrılan vəsaitdə liderlik hələ də ABŞ-dadır. Baxmayaraq ki, dünya iqtisadiyyatında baş verən krizislərdə rəsmi Vaşinqton bu sahəyə ayrılan xərcləri 6,5 faiz azaldıb.
Ekspertlərin fikrincə, hərbi yönümlü ikinci belə vəsait Çin tərəfindən ayrılır.
Hazırda ABŞ-ın hərbiyə ayırdığı vəsait 1980-ci illərin sonu ilə müqayisə edilir. Hər şeyi öz adı ilə çağırsaq, belə demək olar ki, ötən il ABŞ müharibələrə 610 milyard dollar vəsait xərcləyib.

Üçüncü yeri isə Rusiya tutur. Bu ölkənin 2014-cü il üçün hərbi xərcləri 84,5 milyard dollar edib. Ekspertlərin fikrincə, 2013-cü illə müqayisədə 2014-cü ildə Rusiya hərbi xərclərini 8,1 faiz artırıb.

Mütəxəsislərin sözlərinə görə, bu artım, Rusiya ilə Qərb arasında Ukraynada baş verən gərginliklə bağlı deyil. Çünki, hələ Ukraynadakı hadisələrdən əvvəl rəsmi Moskva hərbi xərclərini artıracağına dair açıqlama vermişdi.
İnstitutun araşdırmaçılarının rəyinə görə, 2015-ci ildə bu sahəyə ayrılan xərclər bir qədər də artırılacaq və prosesi belə də davam edəcək.

Maraqlıdır ki, ikinci dünya müharibəsindən sonra ordu saxlaması qadağan edilən Yaponiynın da müdafiə xərcləri az deyil. Məsələyə rəqəmlərlə yanaşmasaq da, İnstitutun hesabatında Yaponiyanın bu sırada 9-cu olduğu deyilir.
Ukraynaya gəldikdə isə onu demək yerinə düşər ki, ötən il bu ölkənin şərq bölgəsində başlayan qarşıdurmalardan sonra yeni hökumət hərbi xərcləri 23 faiz artırıb. İlkin məlumata görə, Ukrayna 2014-cü ildə hərbi məqsədlərə 4 milyard dollar xərcləyib. 2015-ci ildə isə bu vəsaitin 2 dəfə artırılacağı gözlənilir.

Ukraynada baş verən hadisələrdən sonra Rusiya ilə qonşu olan ölkələrdə hərbi xərclərin ildırım sürətilə artıdığının da şahidi oluruq. Baltik dənizi ətrafı, o cümlədən Skandinaviya ölkələri artıq bununla bağlı açıqlamalar veriblər.
Hərbi sahəyə sərf edilən vəsaitə görə, Azərbaycan 4,9 faizlə, Ermənistan isə 4,1 faizlə ilk 20 ölkə arasındadır. Bölgə dövlətlərdən Gürcüstan 2014-cü ildə 430 milyon dollar, İran 5,9 milyard dollar, Türkiyə 22,6 milyard dollar hərbi xərclərə vəsait ayırıb.

Ramil Məmmədli

KATEQORIYA:
Bu xəbəri paylaş