Düşmənə təslim olmayaraq özlərini partladan 7 kəşfiyyatçının anım mərasimi keçirilib

1997-ci ilin aprel ayında düşmənlə döyüşdə təslim olmayaraq sonuncu qumbaraları ilə özlərini partlatmış Azərbaycan Silahlı Qüvvələrinin 7 kəşfiyyatçısının şəhadətinin 20-ci ildönümü münasibəti ilə anım tədbiri keçirilib.

“AzeriDefence”nin məlumatına görə, ikinci Şəhidlər Xiyabanında keçirilən anım mərasimində şəhidlərin əsgər və zabit yoldaşları, komandirləri, millət vəkilləri, siyasi xadimlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Döyüşçülərin məzarının ziyarəti ilə başlayan tədbirdə çıxış edən, hımin dövrdə kəşfiyyat hərbi hissəsinin komandiri olmuş polkovnik Xətai Baxışov deyib ki, 1997-ci ilin aprelin 7-də 8 nəfərdən ibarət iki kəşfiyyat qrupu cəbhənin Fizuli rayonu istiqamətində düşmənin arxasına xüsusi tapşırıqla göndərilib. Həmin qruplardan biri verilən tapşırığı icra edərək gedir dönüb. Lakin ikinci qrup düşmən tərəfindən aşkarlanıb və bundan sonra döyüş başlayıb.

“Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini, hərbi texnikasını məhv ediblər. Lakin müasirəyə düşən qrupumuz sona qədər döyüşüb, sursat bitdikdən sonra özlərini qumbara ilə partladıblar. Səkkiz nəfərdən 7-si şəhid olub, Əhmədov Aqil Mürsəl oğlu isə ağır yaralanaraq huşsuz vəziyyətdə ermənilər tərəfindən əsir götürülüb. Erməni məhkəməsi Aqilə güllələnmə hökmü kəssə də 23 ay sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün oldu”, – deyə X. Baxışov qeyd edib.

X.Baxışov qeyd edib ki, şəhid kəşfiyyatçılar Elxan Ağayev, Vüqar Yarəhmədov, Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və hazırda həyatda olan Aqil Əhmədov ümumilli lider Heydər Əliyevin sərəncamı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif ediliblər.

Daha sonra kəşfiyyatçıların ruhuna ehsan süfrəsi açılıb. Öncə jurnalist Teymur Zahidoğlu tərəfindən şəhid kəşfiyyatçılara həsr həsr olunmuş “Təki vətən yaşasın” adlı film nümayiş etdirilib.

Tədbirdə çıxış edən ictmaiyyət nümayəndələri, millət vəkilləri şəhid kəşfiyyatçıların qəhrəmanlığının təbliğ olunmasının gənc nəslin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsində əhəmiyyətindən danışıblar. Çıxış edən millət vəkili Qənirə Paşayeva çıxışında deyib ki, bu şəhidlər nəinki vətən üçün canından keçməyə hazır olublar, eyni zamanda əsir düşməklə dövlətin adına xələl gələr deyə, özlərini partladıblar: “Bu insanlar haqqında geniş təbliğat aparılmalıdır. Bu bizim mənəvi borcumuz olmaqla yanaşı, həm də bu oğullardan qəhrəmanlıq öyrənməliyik. Şəhid qardaşımızla bağlı universitetlərdə, məktəblərdə anım tədbirləri keçirməli, onları daim xatırlamalıyıq”.

Kəşfiyyat qrupunun sağ qalan üzvü Aqil Əhmədov tədbir iştirakçılarına təşəkkür edib və vətən sevgisinin hər şeydən üstün olduğunu diqqətə çatdırıb.

KATEQORIYA:
Bu xəbəri paylaş