Ehtiyatda olan hərbçilər yenidən orduya çağrılır

Kadr dəyişikliklərindən sonra Müdafiə Nazirliyinə qayıdanlar arasında 10-dan artıq polkovnik-leytenant, polkovnik və bir neçə general varÖtən ilin oktyabr ayında Müdafiə Nazirliyindəki dəyişiklikdən sonra ehtiyatda olan xeyli sayda zabit Silahlı Qüvvələr sıralarında xidmətə qəbul edilib. Bu barədə “AzeriDefence”yə hərbi mənbələrdən məlumat verilib.

Səfər Əbiyevin müdafiə naziri olduğu dövrdə ordudan tərxis olunmuş həmin zabitlər öz ərizələri əsasında təkrar xidmətə qəbul olunaraq Müdafiə Nazirliyinin mərkəzi aparatında, eləcə də müvafiq qaydada ordu birləşmələrində vəzifələrə təyin ediliblər. Onların arasında 10-dan artıq polkovnik-leytenant, polkovnik və bir neçə general rütbəli hərbçi var.

Məlumata görə, hazırda xeyli sayda ehtiyatda olan hərbçinin müraciətinə baxılır. S. Əbiyev dönəmində müxtəlif adlarla ordudan uzaqlaşdırılmış bu zabitlərin arasında briqada komandirləri, artilleriya və HHM üzrə mütəxəssislər var.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən məsələ ilə bağlı “AzeriDefence”yə bildirilib ki, hazırda nazirlikdə kadr islahatları davam etdirilir: “Ehtiyatda olan hərbi qulluqçunun fiziki cəhətdən orduda xidmət etməyə imkanı varsa, yəni o yararlıdırsa və hərbi təcrübəsi imkan verirsə, müəyyən araşdırmalardan sonra həmin şəxs ordu sıralarına dəvət edilir. Ehtiyatda olan hərbçilərdən bundan sonra da hərbi xidmətə qayıdanları olacaq”.

KATEQORIYA:
Bu xəbəri paylaş