Ehtiyatda və istefada olan hərbçilərin kirayə haqları kompensasiya olunacaq

Azərbaycanda ehtiyata və istefaya buraxılmış evsiz zabit, gizir və miçmanların ödədikləri kirayə haqqının bir hissəsini dövlət kompensasiya edəcək. “AzeriDefence”nin xəbərinə görə, bununla bağlı Nazirlər Kabineti müvafiq qərar qəbul edib.

Qərarda qeyd olunub ki, yyaşa, xəstəliyə, ailə vəziyyətinə görə, habelə 5 təqvim ili xidmət etmiş və ştatların ixtisarına görə ehtiyata və ya istefaya buraxılmış və yerli icra hakimiyyəti orqanlarında mənzil uçotuna götürülmüş zabitlərə, gizirlərə və miçmanlara, habelə 15 təqvim ili və daha çox xidmət etmiş müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına seçilmiş yaşayış yerinə gəldikləri günün 3 aylığından mənzil və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi alanadək müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün hər ay aşağıdakı kompensasiya ödənilir.

Kompensasiyanın məbləği Bakı şəhərində 47,30 manat, başqa şəhər və rayon mərkəzlərində 33 manat, digər yaşayış məntəqələrində 28 manat müəyyən olunub. Göstərilən şəxslərə onlarla birlikdə yaşayan hər bir ailə üzvü üçün yuxarıda göstərilən müvafiq kompensasiya məbləğinin 50%-i miqdarında əlavə ödəniləcək.

Nazirlər Kabineti şəhər və rayon icra hakimiyyəti başçılarına bir ay müddətində bu qərarda göstərilən şəxslər sırasından bilavasitə mənzil uçotuna götürülənlərin sayı və onlarla birlikdə yaşayan ailə üzvlərinin sayı haqqında 2012-ci il avqustun 1-nə olan məlumatı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri ilə razılaşdırmaqla, eləcə də növbəti il üçün dövlət büdcəsinin layihəsində müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üzrə vəsaitə olan tələbatın hər il aprel ayının 1-dək Maliyyə Nazirliyinə təqdim etməyi tapşırıb.

Hökumətin qərarına əsasən Maliyyə Nazirliyi isə 2012-ci ildən başlayaraq hər il dövlət büdcəsində yerli xərclər üzrə bu qərarda göstərilən şəxslərə mənzil alanadək müvəqqəti mənzil kirayəsi xərclərinin ödənilməsi üçün vəsait nəzərdə tutmalıdır.

Qərar Müdafiə, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə nazirlikləri və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin razılaşdırılmış təklifi nəzərə alınaraq qəbul edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş