Ekspert: “Qarabağ veteranları mütləq orduya çağırılmalıdırlar”

Nazim Bayramov: “Bizim veteranların döyüş motivasiyası düşməninkindən daha güclüdür”

“Düşmən üzərində hərbi-texniki üstünlüyümüz nə qədər böyük olsa da, döyüşün müqədaratını əsgər həll edir. Xüsusən, sıx dağ-meşə relyefində yaxın məsafəli döyüşlər qaçılmazdır və həlledicidir. Belə şəraitdə hücumda və müdafiədə kiminlə döyüş aparacağımıza olduqca məsuliyətlə yanaşmalıyıq”.

“AzeriDefence”nin məlumatına görə, bunu hərbi ekspert, birinci Qarabağ müharibəsinin iştirakçısı olmuş zabit Nazim Bayramov bildirib.

Ermənilərin birinci Qarabağ müharibəsi iştirakçılarını yenidən döyüşmək üşün Qarabağa toplaması məsələsinə münasibət bildirən ekspertin sözlərinə görə, birinci müharibədə Azərbaycan könüllülərinin ortalama yaşı təxminən 25, ermənilərinki isə 35 olub: “İndi həmin ermənilər orduya çağırılıblar. Onların orta yaşı təxminən 55-65-di. Onları əsasən müdafiədə istifadə edəcəklər. Bu adamlar hesab edirlər ki, bir dəfə qələbə qazanıblar, yaşayıblar, uşaqlarını böyüdüb-yerləşdiriblər, gördüklərini görüblər, bu yaşdan sonra əksəriyətində həyatda hər hansı sahədə “böyümə”, inkişaf perspektivləri qalmayıb, pensiyaçılardır, onsuzda 5-6 ildən sonra canlarında müxtəlif xəstəliklər tapılacaq, yavaş-yavaş öləcəklər… Ona görə o zaman qazandıqları qələbəni saxlamaq uğrunda indi döyüşüb ölsələr də, həyatlarını döyüş meydanında başa vurarlar. Döyüş mövqelərində hazırda dayanan və ordumuzun hücumunu qarşılayacaq erməni veteranlarının motivasiyası budur”.

Ekspert qeyd edib ki, bu, 55-65 yaşlı, müharibəyə qaçmaq üçün gəlməyən, şəxsiyyətləri formalaşmış, psixoloji cəhətdən sabit adamlara qarşı bizim hücumda 18-20 yaşlı, həyatları qabaqda olan gənclər olacaqlar. Hücumda biraz daha yaşlı MAXE-lər də olsa, düşməndən fərqli, onların döyüş təcrübələri, yeri tanımaqları yoxdur.

“Cəbhədəki vəziyəti öyrəndikcə qəti qənaətə gəldim ki, fiziki vəziyəti imkan verən bizim Qarabağ veteranları mütləq orduya çağırılmalıdılar. Könüllü yox, çağırışla. 65 min veterandan 20 mini xidmətə yararlı olsa, deməli ordumuzda hazır yüksək döyüş hazırlıqlı və ən əsası həm də döyüş təcrübəli, o yerləri yaxşı tanıyan döyüşçümüz, kiçik komandirlərimiz olacaq. Bizim veteranların döyüş motivasiyası düşmənin motivasiyasından daha güclüdür, çünki biz millətimizin üzərindən məğlubiyət ləkəsini silib, həyatımızı şərəflə başa vurmaq istəyirik”, – deyə N. Bayramov qeyd edib.

Ekspert hesab edir ki, veteranlardan cəbhəyanı rayonların sakinləri öz rayonlarının ərazisindəki müdafiə mövqelərində istifadə oluna, fiziki cəhətdən daha hazırlıqlılar hücum edən hərbi hissələrin ştatına salına bilər. Texniki mütəxəssis veteranlar təyinatları üzrə istifadə olunmalıdılar. Hansı ki, veteran potensialından səmərəli istifadə müharibənin ilk tələblərindəndir.

KATEQORIYA:
Bu xəbəri paylaş