Ekspert: Üç günlük döyüşlər Azərbaycan Ordusunun yüksək döyüş və taktiki hazırlığını, qarşılıqlı döyüş əlaqələndirməsini göstərdi

“Azərbaycanın ciddi xəbərdarlıqlarına baxmayaraq, düşmənin atəşkəsi pozaraq, tutduğu yüksəkliklərdən dinc yaşayış məntəqələrimizi atəşə tutması ona qarşı “cərrahi” əməliyatların keçirilməsini zəruri edib.”

Bunu “AzəriDefence”yə Azərbaycanla Ermənistan arasındakı 3 günlük döyüşləri şərh edən, hərbi ekspert, ehtiyatda olan zabit Nazim Bayramov bildirib.

Nazim Bayramovun sözlərinə görə, Azərbaycan Ordusunun bölmələri qısa zaman ərzində minimal itkilərlə düşmənin nəzarətində olan bir neçə strateji əhəmiyətli, möhkəmləndirilmiş yüksəkliyini ələ keçirib və onlarda möhkəmlənib. Düşmənin, itirdiyi mövqeləri qaytarmaq məqsədilə sonrakı günlər ərzində keçirdiyi bütün əkshücumlarının qarşısı alınib, erməni tərəfi canlı qüvvədə, texnikada və artilleriya vasitələrində çoxsaylı itkilər verərək, bəzi istiqamətlərdə daha da geri atılıb.

nazim

N.Bayramov qeyd edib ki, döyüşlər Azərbaycan Ordusunun yüksək döyüş və taktiki hazırlığını və qarşılıqlı döyüş əlaqələndirməsini göstərdi. Eyni zamanda bir sıra ən müasir silah, kəşfiyat və digər döyüş vasitələrinin uğurlu döyüş tətbiqi ordunun yüksək peşəkar hazırlığını ortaya qoydu.

“Burada ayrıca hərbçilərin yüksək döyüş ruhunu və psixoloji hazırlığını da qeyd etməliyəm”, deyən keçmiş muharibə iştirakçısının sözlərinə görə, döyüşün müqəddaratını təkçə silah deyil, əsgərin döyüş ruhu həll edir: “Sadalanan göstəricilər üzrə – istər döyüş hazırlığı və peşəkarlıq, istərsə də müasir silahlanma və döyüş ruhu düşmənin Azərbaycan Ordusundan dəfələrlə zəif olduğu bir daha təsdiqini tapdı. Düşmənin canlı qüvvə, texnika və artilleriya vasitələrində çoxsaylı itkiləri də Azərbaycan Ordusunun gücünü, düşmənin isə zəif olduğunun əsas göstəricilərindən biridir”.

Bu döyüşlərin Azərbaycana faydalarından danışan N. Bayramov bildirib ki, əldə edilən uğurların ciddi hərbi, hərbi-siyasi, siyasi-diplomatik, psixoloji və informasiya əhəmiyəti var. Ordunun əldə etdiyi nəticələr düşmən üzərində birmənalı hərtərəfli üstünlüyünü həm düşmənin özünə, həm obyektiv müşahidəçilərə göstərib: “Bu günlərdə yayılmış dünya ordu reytinqlərində Ermənistan Ordusu birdən birə 20 pillə aşağı düşüb və yəqin ki, hələ daha da aşağılara yuvarlanacaq. Son hərbi uğurlarımız siyasi-diplomatik baxımdan sülh danışıqları prosesində daimi faktora dönəcək. Əgər 20 il bundan öncə yanımızda yalnız Türkiyə var idisə indi, hələ əməliyatlar gedən zaman, dünya gücləri atəşkəsə səsləsə də, əsasən bizi dəstkləyən bəyanatlar veriblər. Ordu və xalqımızda cox böyük ruh yüksəkliyi yaranıb. Cəmiyətin bir hissəsində yer almış “məğlub kompleksi” son uğurlarımızla aradan qalxdı. Ermənilərin öz əhalisi üçün uydurduqları “məğlubedilməzlik” mifi Azərbaycan əsgərinin ayağı altına atıldı. Ermənilər nəinki ön xətdən, hətta Xankəndidən belə çəkilməyə üstünlük verdilər. Onların qarşısı silahla hərbi polis qüvvələri ilə alınır. İnformasiya müharibəsində də ermənilər bir neçə “dayaq arqumentlərindən” məhrum oldular. Bir sözlə əldə etdiklərimiz çoxşaxəli və mühümdür. Zamanla bunları daha yaxşı dərk edəciyik və nəticələrini görəciyik. Allah Şəhidlərimizə rəhmət eləsin! Onlar Vətən torpağı, dövlətimizin ərazi bütövlüyü uğrunda canlarından keçiblər. Bu gün minlərlə ordu sıralarından tərxis olunmuş gənclərimiz, ehtiyatda olan hərbiçilərimiz, müharibə veteranları döyüş sıralarında onların yerini tutmağa hazırdılar.”

artilleriya

 

Ermənilər atəşkəslərə hərbi hədəflərinə çatmaq üçün diplomatik alət kimi baxırlar

Tərəflər arasında əldə olunmuş ataşkəs razılaşmasının nə qədər sürəcəyinə gəlincə, N.Bayramov hesab edir ki, Ermənistan ilk gün beynəlxalq qurumlara və himayədarlarına yalvararaq, dərhal atəşkəsə razı olduğunu bəyan edib: “Ermənilər aldıqları zərbədən hələ özünə gəlməyib. Lakin biz ermənilərin belə yalvarışlarına hələ 92-ci ildən bələdik. Özünə gələn kimi mənfur düşmən dərhal itirdiyiklərini geri qaytarmağa can atacaq. Atəşkəs ermənilərin əlində həmişə hərbi əməliyatların marağında istifadə etdikləri alət olub. Bunu biz 92-ci ilin mayında gördük. Tehran sülh memorandumun üzərində mürəkkəb qurumadan, onlar Şuşaya hücuma keçib və işğal etdilər. Daha sonra biz Ağdərəni azad edəndən bir neçə gün sonra, ermənilər dünyada səs-küy qopardılar, ATƏT-in o zamankı variant olan ATƏM-dən Roma danışıqlarının bərpasını tələb etdilər. Azərbaycan höküməti Roma danışıqlarının 4-cü raundu ərəfəsində sülhməramlı addım kimi iyulun 9-dan bir aylıq birtərəfli atəşkəs elan etdi və bütün cəbhə boyunca hücum əməliyatlarını dayandırdı. Düşmən bundan istifadə edib, biraz özünə gəldi və iyulun 15-i atəşkəsi pozaraq, Ağdərə və digər istiqamətlərdə əkshücuma keçdi. Daha sonra 92-ci ilin sentyabrın 3-ü sülh danışıqları ilə bağlı atəşkəs razılığı əldə olundu. Sentyabrın 5-i isə ermənilər atəşkəsi pozub, Xocavənd istiqamətindən hücuma keçərək, Ağdamın Abdal-Gülablı kəndini işğal etdilər. Yenə də 92-ci ilin sentyabrında ordu Laçın dəhlizini üç yerdən bağladığı şəraitdə sentyabrın 25-i ermənilərin yalvarışı və Rusiya müdafiə naziri P.Qraçovun vasitəçiliyi ilə atəşkəs əldə olundu. Lakin bir neçə gündən sonra ermənilər qüvvə toplayıb, Laçın dəhlizini açmağa ciddi-cəhdlər etdi. 1993-cü ilin yayında ATƏT-in vasitəçiliyi ilə bir neçə dəfə bağlanan 10 günlük atəşkəslərdən “yararlanaraq”, ermənilər qüvvə toplayıb, Dağlıq Qarabağın ətraf rayonlarını işğal ediblər. O vaxtlardan fərqli olaraq, Azərbaycanın hazırki iqtisadi və hərbi qüdrəti və dünyadakı siyasi nüfuzu düşünməyə imkan verir ki, ermənilər bir daha bizimlə avantyuralara girməkdən çəkinəcək. Lakin Erməni faşist rejiminin nə yalvarışına, nə imzasına inanmaq olmaz. Onlar atəşkəslərə yalnız hərbi hədəflərinə çatmaq üçün diplomatik alət kimi baxırlar”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş