Elçin Quliyev Rusiya Sərhəd Xidmətinin rəhbərini qəbul edib – FOTOLAR

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin dəvəti  ilə Rusiya Federal Təhlükəsizlik Xidməti Direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişovun rəhbərlik etdiyi nümayəndə heyəti  Azərbaycana rəsmi səfərə gəlib.

DSX Mətbuat Mərkəzindən “AzeriDefence”yə verilən məlumata görə, nümayəndə heyəti əvvəlcə ümummilli lider Heydər Əliyevin və Zərifə xanım Əliyevanın məzarları önünə əklil qoyaraq onların ruhuna hörmət və ehtiramlarını bildiriblər.

Səfər çərçivəsində  DSX Aparatında Azərbaycanın  Dövlət Sərhəd Xidməti  və Rusiyanın Federal Təhlükəsizlik Xidməti Sərhəd Xidmətinin nümayəndə heyətləri arasında görüş keçirilib.

Görüş zamanı tərəflər arasında Azərbaycan-Rusiya sərhədində, dövlət sərhədindən buraxılış məntəqələrində, o cümlədən Xəzər  dənizində vəziyyət barədə fikir mübadiləsi aparılmış, sərhəd təhlükəsizliyinə olan təhdidlərlə mübarizə sahəsində qarşılıqlı əlaqənin inkişaf etdirilməsi,  demarkasiya işlərinin təşkili üzrə praktiki əməkdaşlığın davamı, habelə gələcək illər üçün fəaliyyət istiqamətlərinin müəyyən edilməsi kimi məsələlər müzakirə edilib.

Söhbət əsnasında ikitərəfli əməkdaşlığın inkişafı müsbət qiymətləndirilmiş, Azərbaycan və Rusiya sərhəd xidmətləri arasındakı əlaqələrin səviyyəsinin dövlət sərhədində qanunsuz fəaliyyətlərin qarşısının alınması üzrə məsələlərin həll edilməsinə töhfə verdiyi vurğulanıb.

Bununla yanaşı, görüşdə Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın təcavüzü nəticəsində ölkə ərazisinin 20%-nin və dövlət sərhədlərinin bir hissəsinin işğal altında qalması, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyi, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğu  vurğulanmış, həmçinin sərhəd  mühafizə sisteminin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində həyata keçirilmiş tədbirlər və əldə olunmuş nailiyyətlər barəsində Rusiya nümayəndələrinə ətraflı məlumat verilib.

Tədbir iştirakçıları “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dövlət sərhədindən buraxılış məntəqələrinin müasir standartlara uyğun təkmilləş­dirilməsi, sərhəd nəzarəti prosedurlarının sadələşdirilməsi istiqa­mətində zəruri addımların atılmasının vacibliyini vurğulayıblar.

Görüş dostluq və qarşılıqlı anlaşma şəraitində keçib.

 

KATEQORIYA:
Bu xəbəri paylaş