Elçin Quliyev: “Xarici dövlətlərdən sərhəd mühafizə əməkdaşlarına tədrisin təşkili üçün müraciətlər edilir”

Elçin Quliyev: “Xarici dövlətlərdən sərhəd mühafizə əməkdaşlarına tədrisin təşkili üçün müraciətlər edilir”

Milli sərhədçi kadrların hazırlığı istiqamətində görülən işlər sırasında Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin yaradılması mühüm yer tutur.

Azeri Defence saytının məlumatına görə, bunu Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev deyib.

DSX rəisi bildirib ki, Heydər Əliyev fondu tərəfindən yenidən qurulmuş məktəb 2011-ci ildə istifadəyə verilib və açılış mərasimində Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva iştirak edib: “Əsas məqsədi ölkə Prezidentinə, dövlətinə, xalqına sadiq, yüksək səviyyədə təlim və təhsil almış, fiziki və mənəvi cəhətdən sağlam, vətənpərvər Azərbaycan övladlarının yetişdirilməsi olan xüsusi məktəbin məzunları artıq Dövlət Sərhəd Xidməti Akademiyasında təhsil alırlar.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbi ölkəmizdə çox böyük nüfuz qazanıb. Məktəbdə təhsil almaq arzusunda olanların sayının qəbul planından dəfələrlə çox olmasını, məktəbə olan xüsusi marağı nəzərə alaraq Heydər Əliyev Fondunun dəstəyi ilə məktəbin yeni inşa edilmiş ən yüksək standartlara cavab verən tədris korpusunun cari ilin mart ayının 5-də Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə istifadəyə verilməsi kursantların sayının 3 dəfəyədək artırılması imkanını yaradıb”.

General-polkovnik Elçin Quliyev bildirib ki, ümumiyyətlə, uğurla həyata keçirilən kadr hazırlığı prosesi deməyə əsas verir ki, Azərbaycanda savadlı, intizamlı, məsuliyyətli, Vətəni və onun sərhədlərini sevən, sərhədlərin mühafizəsi işini peşəkarlıqla təşkil edə bilən yeni sərhədçi nəsil yetişməkdədir: “Əgər əvvəllər əməkdaşlarımızın xaricdə təhsil almalarına və həmkarlarımızın təcrübəsindən yararlanmağa çalışırdıqsa, son illər ərzində xarici dövlətlərin sərhəd mühafizə orqanlarının əməkdaşları üçün tədrisin təşkili barədə müraciətlərin edilməsi Dövlət Sərhəd Xidmətinin beynəlxalq nüfuzunun göstəricisidir”.

 

KATEQORIYA:
Bu xəbəri paylaş