ERA şirkəti «Azal»ın tenderinin qalibi oldu

Aviasiya nəzarət sistemlərinin istehsalı üzrə dünyanın ixtisaslaşmış qurumlarından ERA şirkəti Bakı Heydər Əliyev Beynəlxalq Hava Limanını Hava Hərəkətini İdarə və Nəzarət sistemi (A-SMGCS) ilə tam təchiz edəcək. ERA dekabrın ortalarında «Azərbaycan Hava Yolları» QCS-nin bu məqsədlə elan etdiyi tenderin qalibi olub. Şirkətin icraçı direktoru Vladislav Hofman bildirib ki, bu müqavilə Azərbaycan Hava Naviqasiya Xidmətinin (AZANS) Xəzər dəniz üzərində aşağıdan uçan helikopter və təyyarələrə nəzarət etmək üçün imkanlarını daha da artıracaq.

Son 10 il ərzində uçuşların sayında 240% artım qeydə alınan Heydər Əliyev Beynəlxalq Hava Limanı Qafqazda ən böyük göstəricini əldə edib. Aeroportun inkişafı və hərəkətdə artımla əlaqədar uçuş-eniş zamanı hadisə riskini azaltmaq üçün hava limanında əlavə nəzarəti həyata keçirmək lazım gəlir.

Qeyd edək ki, ERA şirkəti hava hərəkətlərinin idarə edilməsi, hərbi, təhlükəsizlik və aeroport əməliyyatları üçün həllər, izləmə-nəzarət sistemləri istehsal edir. Şirkətin sistemləri 35-dən çox ölkənin 100 hava limanında hava nəqliyyatının idarə edilməsində tətbiq olunur. Həmçinin müxtəlif regionlarda onlarla hərbi qurum tərəfindən istifadə edilir.

KATEQORIYA:
Bu xəbəri paylaş