Erməni generalı etiraf etdi: bu REM sistemi də “Bayraktar”ı dayandıra bilmədi -FOTO

Erməni generalı etiraf etdi: bu REM sistemi də “Bayraktar”ı dayandıra bilmədi -FOTO

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının keçmiş rəisi general-polkovnik Movses Akopyan noyabrın 19-da İrəvanda keçirdiyi mətbuat konfransında bir sıra maraqlı açıqlamalarla çıxış edib.

Erməni generalının açıqlamalarından diqqət çəkən məqamlardan biri də Azərbaycanın pilotsuz uçuş aparatlarına (PUA), xüsusilə də düşmənin hərbi texnikalarını məhv edən “Bayraktar TB2” silahlı PUA-larına qarşı istifadə etdiyi ən yeni sistemin effektsiz olmasını etiraf eləməsi idi.

General bildirib ki, Ermənistan tərəfi döyüşlərin gedişatında Rusiyadan alınmış “Pole-21” radioelektron mübarizə (REM) kompleksi ilə ilk günlər TB2-lərin işini müəyyən dərəcədə pozmağı bacarsa da 4 gün sonra adıçəkilən sistem heç bir işə yaramayıb. PUA-lar əvvəlki qaydada Ermənistan Ordusunun ön xətdə və cəbhənin dərinliyindəki obyektlərini vurmağa davam edib.

“Pole-21” REM kompleksi nədir? Nə işə yarayır?

“Azeri Defence”nin məlumatına görə, “Pole-21” Rusiyanın istehsalı olan ən yeni və istehsalçının ifadəsi ilə qeyd etsək “ən mükəmməl” REM kompleksidir. “Pole-21” sisteminin ilk prototipi 2013-cü ildə MAKS-2013 sərgisində nümayiş etdirilib və 2016-cı ildə Rusiya Ordusunun silahlanmasına qəbul edilib. Hazırda Rusiyanın mühüm hərbi və strateji obyektlərinin mühafizəsində “Pole-21” REM kompleksi tətbiq olunur. “Radioelektron Mübarizə Elmi-Texniki Mərkəzi” Səhmdar Cəmiyyəti tərəfindən yaradılmış kompleks strateji obyektlərin GPS, QLONASS, Galileo və Beidou peyk sistemlərindən istifadə edən qanadlı raketlərdən, idarə olunan bombalardan və PUA-lardan müdafiəsini təmin edir. Başqa sözlə, geniş spektrdə müdafiə üçün işlənib hazırlanıb.

Ehtimal etmək olar ki, düşmən “Pole-21” REM kompleksindən tək PUA-larımızın işini iflic etməyə çalışmayıb. Həm də GPS naviqasiyasından istifadə edən yüksək dəqiqlikli raketlərə də maneə qoymağa cəhd edib. Lakin sonda etiraf edildiyi kimi, TB2 PUA-lar “Pole-21”in maneələrini aşmağı bacarıb.

Bir birindən onlarla kilometr uzaqlıqda yerləşdirilmiş mobil rabitə qüllələrində quraşdırılan və ötürücü antenalara inteqrasiya olunan R-340RP radiomaneə stansiyası ərazidə peyk naviqasiyasına qarşı günbəz yaradılır. Sistem mobil rabitə ötürücü qülləsindən tək elektrik enerjisi ilə qidalanmır. Həm də məlumatların ötürülməsində ehtiyat kanal kimi GSM antenasından istifadə edir. Stansiyanın 150 km radiusda radiosiqnalları batıra bildiyi iddia olunur.

Bir idarəetmə mərkəzinə 100-ə qədər maneəqoyma stansiyası inteqrasiya oluna bilər. Bir qüllədə üçədək radiomaneə modulu yerləşdirilir.

Rusiyalı mütəxəssislərin sözlərinə görə, “Pole-21” döyüş zonasında “Borisoqlebsk-2”, “Krasuxa”, “Murmansk-BN”, “Jitel”, “Silok” kimi digər REM kompleksləri ilə əlaqəli şəkildə işləyə bilir.

Qeyd edək ki, bir neçə il əvvəl istehsalçı müəssisənin nümayəndələri yerli mediaya müsahibələrində “Pole-21”in texniki imkanlarını həddən artıq şişirdərək, bu sistemin analoqu olmadığını, hətta çox ölkənin böyük marağına səbəb olduğunu söyləyirdilər.

Ötən il kompleks Rusiya Silahlı Qüvvələrinin Mərkəzi Hərbi Dairəsinin, bu ilin aprel ayında isə Şərq Hərbi Dairəsinin (Pole-21M variantı) silahlanmasına daxil olub. Eyni zamanda bir kompleks 2019-cu ilin sonlarında Tacikistandakı Hissar aerodromunda quraşdırılıb.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş