Ermənilərin atdığı mərmi İranla həmsərhəd zonada yanğına səbəb olub

Ermənilərin atdığı mərmi İranla həmsərhəd zonada yanğına səbəb olub

Azərbaycan ordusu ilə döyüş meydanında üz-üzə gəlməyə cürət etməyən Ermənistan silahlı qüvvələri əhalinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından atəşə tutmağa davam edir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin atdığı mərmi səbəbindən hazırda Füzuli rayonunun Horadiz şəhərinin ətrafında qamışlıq-bataqlıq ərazidə – İran İslam Respublikası ilə həmsərhəd zonada yanğın başlayıb. Yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən müvafiq tədbirlər görülür. Yanğının ətraf tikintilərə, həmçinin vətəndaşlarımızın həyatına hər hansı təhlükəsi yoxdur.

Bundan başqa, mənfur düşmənin artilleriya atəşi altında saxlaması səbəbindən Tərtər şəhərində təhlükəli və çıxılmaz vəziyyətdə qalan 2 nəfər FHN DYMX-nin yanğınsöndürən-xilasediciləri tərəfindən təhlükəsiz əraziyə təxliyyə edilib.

Bildiirlib ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş