
Ermənistan İordaniyadan 9K33 “Osa” ZRK-ləri alıb
Ermənistan İordaniyadan 9K33 “Osa” zenit-raket kompleksləri əldə edib.
Bu barədə “Azeri Defence” Ermənistan mediasına istinadən məlumat verib.
Erməni tərəfininin yaydığı məlumata görə, İordaniyadan 35 “Osa-AKM” ZRK alınıb. Sövdələşmənin ümumi dəyəri 27 milyon ABŞ dolları təşkil edib.
Bununla yanaşı Ermənistan “Osa-AKM” üçün İordaniyadan və açıqlanmayan satıcıdan 400 ədəd idarəolunan zenit raketləri alıb.
Satınalmalar erməni iş adamı David Qaltsyanın şirkəti üzərindən həyata keçirilib. ZRK-lər Ermənistanın hərbi sənaye kompleksi tərəfindən müasirləşdirilib.
Qeyd edək ki, 2013-cü ildə Ermənistanla Ukrayna arasında 22 ədəd “Osa-AKM” ZRK-nin alqı-satqısına dair müqavilə imzalansa da, Ukraynada hakimiyyət dəyişikliyindən sonra rəsmi Kiyev satışın Azərbaycanla münasibətlərə mənfi təsir göstərəcəyini nəzərə alaraq müqaviləni ləğv edib.
İordaniya Silahlı Qüvvələri 2017-ci ilin oktyabr ayında 9K33 “Osa” ZRK-ləri istismardan çıxardığını elan edib. İordaniya Silahlı Qüvvələrinin rəsmi internet saytında yerləşdirdiyi elana görə, 27 oktyabr 2017-ci il tarixində yerləşdirdiyi məlumatda 52 ədəd “Osa” ZRK-nin satışa çıxarıldığı açıqlanmışdı.