Ermənistan ordusunun atdığı mərmi nəticəsində FHN-in əməkdaşı xəsarət alıb

Ermənistan ordusunun atdığı mərmi nəticəsində FHN-in əməkdaşı xəsarət alıb

Ermənistanın silahlı qüvvələri Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini ağır artilleriya qurğularından və raketlərdən atəşə tutaraq mülki obyektlərdə dağıntı və yanğınlar törətməkdə davam edir.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin Ağdam rayonuna atdığı mərmi məktəb binasında dağıntılar törədib, növbədə olan yanğınsöndürmə avtomobilinə ziyan dəyib.

Avtomobilin sürücüsü Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı, daxili xidmət çavuşu Qismət Əli oğlu Yusibov partlayış dalğasının təsirindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Xəsarət alan əməkdaşın vəziyyəti hazırda qənaətbəxşdir.

Məlumatda o da qeyd olunub ki, düşmənin artilleriya atəşləri nəticəsində müxtəlif obyektlərə, o cümlədən mülki obyektlərə, fərdi və çoxmənzilli yaşayış evlərinə, təsərrüfatlara, infrastruktur obyektlərinə dəyən ziyanın, zərbələr nəticəsində baş verən yanğınların dərhal aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xəttinə dərhal məlumat verilməsi xahiş olunur.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş