Ermənistan Silahlı Qüvvələrinin Tovuzu atəşə tutması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün vəsait ayrılıb

Ermənistan Silahlı Qüvvələrinin Tovuzu atəşə tutması nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün vəsait ayrılıb

Prezident İlham Əliyev Azərbaycanın Tovuz rayonunun Ermənistan Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Bu barədə Azeri Defence saytı Prezidentin mətbuat xidmətinə istinadən məlumat verib.

Sərəncama əsasən Azərbaycanın Tovuz rayonunu Ermənistan Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması məqsədilə Azərbaycanın 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Fövqəladə Hallar Nazirliyinə 1 milyon manat məbləğində vəsait ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Nazirlər Kabineti Tovuz rayonunun Ağdam, Dondar Quşçu, Vahidli, Əlibəyli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndlərində sosial infrastrukturun yaxşılaşdırılması məqsədilə zəruri hesab olunan işlərə dair təkliflərini bir ay müddətində Azərbaycan Prezidentinə təqdim etməlidir.

KATEQORIYA:
Bu xəbəri paylaş