Ermənistanın Suriyada humanitar mina təmizləmə missiyasında iştirakı ABŞ-ı narazı salıb

Ermənistanın Suriyada humanitar mina təmizləmə missiyasında iştirakı ABŞ-ı narazı salıb

Ermənistan Respublikası humanitar mina təmizləmə əməliyyatlarında səmimi iştirak etmək istəyirsə, minaların qadağan olunmasını nəzərdə tutan BMT konvensiyasına qoşulmasa da bu konvensiyadan irəli gələn məsələləri, birinci olaraq öz ərazilərini minalardan təmizləməklə insanlarının təhlükəsizliyini təmin etməli, piyadalar əleyhinə mina istehsalına və istifadəsinə son qoymalıdır.

Azeri Defence saytıının məlumatına görə, bu barədə “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin Ermənistanın Suriyada minatəmizləmə əməliyyatları ilə bağlı yaydığı bəyanatında bildirilib.

Təşkilat bəyan edib ki, son günlər bəzi erməni saytları Eçimiədzində yerləşən “Humanitar mina təmizləmə və ekspertiza” mərkəzində təlim keçmiş ermənistanlı mina təmizləyənlərin növbəti – 6-cı qrupunun Suriyaya gedəcəyini xəbər verib.

“Ermənistan hökümətinin rəsmi məlumatına görə 5.7 km2 ərazinin minalarla çirkli olması təsdiq olunmuş və əlavə 3.8 km2 ərazidə isə minaların olması ehtimalı vardır. Ermənistanın 11 vilayətindən dördündə minalara rast gəlindiyi bildirilir. Aydın məsələdir ki, Azərbaycanla sərhəddə minalar vardır, Türkiyə ilə sərhəddə isə minalar hələ keçmiş SSRİ dövründə basdırılıb, Gürcüstanla sərhəd barəsində dəqiq informasiya verilmir. Rəsmi məlumatlara görə 2017-ci ildən Ermənistanda mina təmizləmə əməliyyatları aparılmır. “Gələcək imkanların qeyri-müəyyənliyi və maliyyə səbəbindən ümumiyyətlə Ermənistanda mina təmizləmənin son tarixi bilinmir”. Bunlar Ermənistan hökümətinin Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniyanın hər il yenilənən “Landmine Monitor Report” layihəsinə verdiyi bu rəsmi məlumatlarlardır. Bu gün Ermənistanda istehsal olunan minalar sonradan Azərbaycanın işğal olunmuş ərazilərində istifadə olunur, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik dəfələrlə üzərində Ermənistanda istehsal olunduğu bildirilən minaları zərərsizləşdirilib”, – deyə bəyanatda qeyd olunub.

Təşkilat bəyan edib ki, BMT standartlarına uyğun humanitar mina təmizləmə əməliyyatı böyük  maliyyə vəsaiti tələb edir. Ermənistanın Suriyada humanitar mina təmizləmə missiyasında iştirak etməsi Ermənistandakı mina təmizləmə mərkəzinin indiyədək əsas donoru olmuş ABŞ-ı narazı salıb: “ABŞ müxtəlif proqramlar çərçivəsində Ermənistanda və onun işğal altında saxladığı Azərbaycan ərazilərində humanitar mina aksiyalarının həyata keçirilməsinə küllü miqdarda maliyyə vəsaiti ayırıb. İndiyədək bu vəsait Ermənistana ayrı, Dağlıq Qarabağda fəaliyyət göstərən “Halo Trust” təşkilatına ayrıca verilirdi. Lakin son zamanlar verilən məlumatlarda bildirilir ki, ABŞ höküməti bu maliyyə yardımlarını dayandırmaq qərarına gəlib və bu barədə Ermənistana bildirib. Aydın məsələdir ki, ABŞ-ın belə qərar verməsinə səbəb onun patronajı altında olmayan bir missiyada heç bir maliyyə imkanı olmayan Ermənistanın başqa bir ölkənin yedəyində gedərək Suriyada humanitar mina təmizləmə əməliyyatında iştirak etməsidir”.

KATEQORIYA:
Bu xəbəri paylaş