Ermənilər şəhid əsgər Çingiz Qurbanovun nəşini geri qaytarıb

2016-cı ilin dekabrın 29-da şəhid olmuş əsgər Qurbanov Çingiz Salman oğlunun nəşi fevralın 5-də geri qaytarılıb.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçumuzun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Şəhid Çingiz Qurbanovun cənazəsi qarşı tərəfdən qəbul edildikdən sonra hərbi ehtiram qaydalarına uyğun olaraq fəxri qarovulun müşayiəti ilə Bakı şəhərinə yola salınıb.

Xatırladaq ki, Çingiz Qurbanov 2016-cı il dekabrın 29-da Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olub. Dekabrın 29-da səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat qrupu Azərbaycan-Ermənistan dövlət sərhədini pozmağa cəhd göstərərkən bölmələrimizin pusqusuna düşüb. Düşmən tərəfi döyüş toqquşması zamanı canlı qüvvə sarıdan xeyli itki verərək geri çəkilməyə məcbur edilib. Çingiz Qurbanov erməni təxribatının qarşısını alarkən şəhid olub.

Düşmən 1 aydan çox müddət idi ki, bütün beynəlxalq normaları pozaraq Azərbaycan ordusunun şəhid olmuş əsgəri Çingiz Qurbanovun cəsədini qaytarmaqdan imtina edirdi.

KATEQORIYA:
Bu xəbəri paylaş