Ermənilərin Azərbaycanın nəzarətindəki ərazilərə minalar axıtması beynəlxalq təşkilatların hesabatlarına salınacaq

Ermənistan Silahlı Qüvvələri tərəfindən indiyədək dəfələrlə çaylar vasitəsi ilə Azərbaycanın dinc əhalisinin yaşadığı ərazilərə mina və partlayıcı vasitələrin axıdılması faktları qeydə alınıb.

Bu barədə “AzeriDefence”yə açıqlamasında “Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov bildirib.

H.Səfixanovun sözlərinə görə, ermənilər tərəfindən son vaxtlarda dinc əhalinin yaşadığı ərazilərə mina və partlayıcı vasitələrin axıdılmasına yönəlik təxribatların sayının artdığı müşahidə olunur. Ermənilərin cəbhəyanı zonada yaşayan Azərbaycanın dinc əhalisinə qarşı planlaşdırdıqları bu tipli təxribatın beynəlxalq səviyədə qarşısın almaq üçün Piyadalar Əleyhinə Minaların Qadağan Olunması üzrə Beynəlxalq Kampaniyanın rəhbərliyinə və “Land Mine Monitor” hesabatına daxil edilməsi üçün müraciət olunub.

“Qeyd edim ki, adı keçən qurumlar vasitəsiylə Ermənistanın beynəlxalq aləmdə bir daha ifşa edilməsinə çalışacağıq. Hansı ki, onlar Ermənistanda istehsal edilmiş piyada əleyhinə minaları çaylar vasitəsi ilə mülki əhalinin yaşadığı ərazilərə axıdaraq, dinc əhaliyə qarşı hərbi cinayətlər törədirlər”, – deyə Hafiz Səfxanov bildirib.

H.Səfixanov hesab edir ki, bu məsələ beynəlxaq donorların və təşkilatların Ermənistana qarşı münasibətini mənfiyə doğru dəyişəcək.

Qeyd edək ki, bu günlərdə ermənilər tərəfindən Ağdamın Əfətli kəndində Qarqar çayı vasitəsilə ermənilər tərəfindən Ermənistanda istehsal edilmiş 5 ədəd piyada əleyhinə mina  cəbhə xəttinin qarşı tərəfinə – azərbaycanlı mülki sakinlərin yaşadığı ərazilərə axıdılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş