Ermənistanın aprel döyüşlərində kasetli silahlar istifadə etməsi ilə bağlı beynəlxalq təşkilatlara müraciət edilir  

Avqustun 1-də Birləşmiş Millətlər Təşkilatının “Kasetli Silahlara dair Konvensiya”sının qüvvəyə minməsinin 6-cı ildönümüdür və bu münasibətlə Piyadalar Əleyhinə Minaların Qadağan Olunması Uğrunda Beynəlxalq Kampaniya – Kasetli silahlara qarşı Koalisiya təşkilatı sayca altıncı olan “Kasetli silahlara dair Hesabat”ını (Cluster Munition Monitor) təqdim edib.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyindən “AzeriDefence”yə verilən məlumata görə, “Kasetli Silahlara dair Konvensiya” 3 dekabr 2008-ci ildə Oslo (Norveç) şəhərində imzalanıb.

Hazırda dünyada 119 ölkə bu Konvensiyanı imzalayıb ki, onlardan da 100-ü ratifikasiya prosesini başa çatdırıb.

Hesabat dövründə 12 ölkədə və beynəlxalq birlik tərəfindən tanınmamış 3 ərazidə bu silahların qurbanları qeydə alınıb. Onların da uşaqlar və qadınlar da daxil olmaqla 92 faizi mülki şəxslərdir.

Ən azı 25 ölkənin bu silahların təsirinə məruz qaldığı təsdiqlənib.

Konvensiyaya üzv dövlətlər tərəfindən ehtiyatlarında olan 1,3 milyon kasetli silah məhv edilib. Bunlar da özündə 160 milyon sub-sursatı əhatə edirdi.

Hesabat dövründə bəzi ölkələrdə hələ də kasetli silahlardan istifadə olunması faktları qeydə alınıb. Suriyada hökumət qüvvələri, Rusiya hərbçiləri və Yəmən ərazisində Səudiyyə Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri tərəfindən bu silahlardan istifadə olunub. Bu da onu göstərir ki, Suriyada və Yəməndə partlamamış kasetli silahlar uzun müddət mülki əhali üçün ciddi təhlükə olaraq qalacaq.

 

Azərbaycan ərazilərində kasetli silahlarla baglı problem Ermənistanın başladıgı müharibənin nəticəsidir. Kecmiş Dağlıq Qarabağ Muxtar Vilayətində və onun ətrafındakı yeddi rayonda aktiv döyüş əməliyyatları gedib. Bu səbəbdən də  ərazilər partlamamış hərbi sursatlarla çirklənmiş hesab olunur. Bundan başqa keçmiş hərbi poliqonlar, partladılmış sursat anbarları, ərazilərə səpələnmiş sursatlar bu gün Azərbaycan üçün ciddi problemlər yaratmaqdadır. 2-5 Aprel 2016-cı il tarixlərində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində baş vermiş hərbi əməliyyatlar zamanı kasetli silahlardan istifadə olunması faktı qeydə alınıb.

Rəsmi məlumatlarda bildirilir ki, Azərbaycan bu Konvensiyanın müddəalarını qəbul edir, ancaq ərazisinin bir hissəsi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğu üçün bu konvensiyaya qoşula bilmir. Digər tərəfdən bu gün qonşu dövlətlərdən hec biri, o cümlədən də, Ermənistan bu konvensiyaya qoşulmayıb. Azərbaycan konvensiyanın tələblərinin həyata keçirilməsi istiqamətində mühüm addımlar atır. Milli potensial yaradılıb, bir neçə regionda mina təmizləmə əməliyyatları aparılır. Azərbaycanda kasetli silahların istehsalı, ehtiyatının toplanması, ölkə ərazisindən daşınması və istifadəsi faktı qeydə alınmayıb.

Bütün bunları nəzərə alaraq Minalar Əleyhinə Azərbaycan Kampaniyası  İctimai Birliyi inanır ki, 5-7 Sentyabr 2016-cı il tarixlərində Çenevrə şəhərində keçiriləcək Konvensiyaya üzv dövlətlərin İllik Konfransında rəsmi səviyyədə təmsil olunacaq və bu silahlara qarşı aparılan işlər barəsində məlumat verəcəkdir.

 

 

KATEQORIYA:
Bu xəbəri paylaş