Erməni helikopterini məhv edən hərbi qulluqçu mükafatlandırılıb

Cəbhə xəttində erməni helikopterini məhv edən Azərbaycan Ordusunun hərbi qulluqçusu mükafatlandırılıb. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, manqa komandiri Muradov İlkin Məmməd oğlu xidməti vəzifəsini yerinə yetirərkən sayıqlıq və igidlik göstərərək düşmənin Mi-24 tipli döyüş helikopterini vurduğuna görə müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib və qiymətli hədiyyə ilə mükafatlandırılıb.

Müdafiə Nazirliyi əlavə olaraq bildirir ki, düşmənin döyüş cütlüyündən ibarət helikopterlərdən biri vurulub, digəri isə atəş zonasından yayınaraq uzaqlaşıb.

İlkin məlumata görə düşmənin məhv edilmiş helikopterində olan 3 hərbi qulluqçusu həlak olub.

Noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Respublikası Silahlı Qüvvələrinə məxsus Mi-24 tipli helikopteri döyüş kursuna enərək mövqelərimizə hücuma cəhd edib. Qoşunlarımız tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib.

Hazırda vurulan düşmən helikopterinin qalıqları müdafiənin ön xəttindən 500 metr qarşıdakı əraziyə düşüb.

KATEQORIYA:
Bu xəbəri paylaş