Ermənistan istehsalı olan piyadalar əleyhinə mina tapılıb – FOTO

Azərbaycanın Ağdam bölgəsində Ermənistan istehsalı olan piyadalar əleyhinə mina aşkarlanıb.
Bu barədə AzeriDefenceyə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən məlumat verilib.

Minanın aşkar olunması barədə müraciət Ağdam rayon İcra Hakimiyyətinin Mülki Müdafiə qərargahının rəisi Mənsur Quliyev tərəfindən edilib. Müraciətə əsasən ANAMA mütəxəssisləri tərəfindən Ağdam rayonu İmanqulubəyli ərazisində Xaçın çay bölgəsində keçirilmiş yoxlama zamanı 1 ədəd Ermənistan istehsalı olan PMN-E piyada əleyhinə mina aşkar edilib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan piyadalar əleyhinə minaların qadağan olunmasına dair Ottava Konvensiyasına qoşulmayıb. Azərbaycan tərəfi buna baxmayaraq piyadalar əleyhinə minaların ləğvi sahəsində tədbirlər həyata keçirir. Rəsmi Bakı tank əleyhinə minalar istisna olunmaqla, piyadalara qarşı nəzərdə tutulmuş minaların istehsalını həyata keçirmir. Ermənistan əvvəllər piyadalara qarşı minaların ölkədə istehsalını inkar etsə də tapılmış minalar və onların fotoları bu ölkənin beynəlxalq normalara riayət etmədiyini göstərir.

KATEQORIYA:
Bu xəbəri paylaş