Ermənistan müdafiə nazirinin müavini: “Rusiya hücum silahlarını Azərbaycana məqsədyönlü şəkildə satıb”

Rusiyanın Azərbaycana hücum silahları satması Ermənistanı narahat edir.

“AzeriDefence”nin məlumatına görə, bunu Rusiyanın “Eksport Voorujeni” jurnalına müsahibəsində Ermənistan müdafiə nazirinin müavini, general-leytenant Alik Mirzəbekyan bildirib.

Nazir müavini bildirib ki, Rusiyanın Azərbaycana satdığı “Smerç” reaktiv yaylım atəş sistemi, TOS-1A ağır odatanları, T-90 tankları və MTU-90 özüyeriyən körpülər hücum silahlarıdır: “Döyüşdən danışarkən, belə bir anlayış da var. Hücum və əks-hücum məsələsi… Burada ən vacibi isə düşmənin müdafiə xəttinin yarılması üçün əməliyyatlarda istifadə olunan silahlardır. Rusiyanın Azərbaycana satdığı silahlar məhz yuxarıda qeyd olunan təyinatlıdır”.

“Minatəmizləmə maşınları, körpülər, tanklar, odatanlar – bu texnikalar, hansı ki hücum məsələlərini həll edə bilər, məqsədyönlü şəkildə satılıb. Bunlar narahatlığımıza səbəb olur. Hazırda bununla bağlı danışıqlarımız gedir. S-300 zenit-raket komplekslərinə gəlincə, heç kəs bu haqda danışmır. Biz bilirik ki, onlar (Azərbaycan) Avropada Adi Silahlara dair Müqavilədən çıxdı, bu bizi çox narahat edir”, – deyə Mirzəbekyan bildirib.

KATEQORIYA:
Bu xəbəri paylaş