Ermənistan Ordusunun multikopter tipli PUA-ları – ARAŞDIRMA – FOTOLAR

Cəbhə xətti üzərində “Krunk” tipli kəşfiyyat PUA-ını itirdikdən sonra Ermənistan Ordusu kəşfiyyat məqsədi ilə multikopter sinfinə aid daha kiçik uçuş aparatlarından istifadəyə cəhd göstərməyə başlayıb. Sonuncu dəfə iyulun 7-də Füzuli rayonu istiqamətində Azərbaycan hərbçiləri tərəfindən vurulmuş “DJİ İnspire 1” quadkopteri bunu sübuta yetirir.“AzeriDefence”nin apardığı araşdırmalar zamanı Ermənistan Ordusunun multikopter platformalarından istifadəsinə və bunların satın alınmasına dair bəzi faktlar ortaya çıxıb.

Qeyd edək ki, bundan əvvəl, ötən ilin sonlarında erməni tərəfi cəbhə xəttinin Ağdam rayonu istiqamətində vurulmuş Mi-24 helikopterinin düşdüyü ərazinin multikopter vasitəsi ilə havadan çəkilmiş görüntüsünü yayımlamışdı.

Arayış üçün bildirək ki, multikopter çox rotorlu (pərvanəli) pilotsuz uçuş aparatlarına verilən ümumi addır. Təyyarə və delta qanad tipli PUA-lardan fərqli olaraq havada bir nöqtədə asılı qalaraq ərazinin müşahidəsini apara bilən multikopter tipli platformalar özünün kiçik qabariti, ucuz qiyməti, eləcə də iş prinsipi ilə fərqlənir. Hazırda çox sayda ölkənin ordusunda bu aparatlardan yaxın kəşfiyyat və digər məqsədlər üçün geniş istifadə olunur. Multikopter sinfinə quadkopter (4 rotor), heksakopter (6 rotor), oktokopter (8 rotor) tipli PUA-lar daxildir. Multikopterlər litium polimer batareyalarla çalışır və iş müddəti maksimum 30 dəqiqədir. Çəkisi yüngül olduğundan çox hündürə qalxa bilmir. Elektrik mühərriki isə aparatın səssiz uçmasını təmin edir.

Multikopterlərin ölçülərinin kiçik olması və aşağı hündürlükdən uçuşu onların radarlarla təsbitini çətinləşdirir. Bu imkanlarına görə, adıçəkilən aparatlar sərhəd ərazilərdə daha geniş istifadə olunur.

Qiymətinin PUA-lara nisbətdə dəfələrlə ucuz olması, eləcə də idxalının və istehsalının asanlığı bu tip platformaları Ermənistan üçün də əlçatan edir.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi iyulun 7-də cəbhənin Füzuli rayonu istiqamətində vurulmuş “DJİ İnspire 1” quadkopter tipli pilotsuz uçuş aparatının onlara məxsus olmadığını bəyan edərək, ənənəvi qaydada yenidən öz ictimaiyyətini aldatmağa çalışdı. Hətta öz Facebook səhifəsində bu aparatları “uşaq oyuncağı” adlandıran Artsrun Hovannesyan Ermənistan Müdafiə Nazirliyinin və şəxsən naziri Seyran Ohanyanın bu “oyuncaqlara” xüsusi marağını unutmuş görünür.

Ermənistanda ordu üçün multikopter platformalarının tədarükü və yığılması əsasən gənc aviamodelçilərin iştirakı ilə “ArmRobotics”, “Instigate Robotics” və “ArmCopters” şirkətində həyata keçirilir. Erməni mediasında yer alan məlumata görə, “ArmCopters” (http://armcopters.com) şirkəti pilotsuz uçuş aparatlarının, onlara detalların və müşayiət qurğuların dünyada tanınmış istehsalçıları olan DJI, “T-Motor”, “Fatshark”, “Dualsky”, “ImmersionRC”, “Futaba” və “Hobbywing” şirkətinin Ermənistandakı rəsmi nümayəndəsidir.

“Instigate Robotics” şirkəti tərəfindən multikopterlərin bir qismi motor, gimbal, servo sistemi, hətta gövdəsi xarici ölkələrdən internet platformalar üzərindən satın alınmaqla Ermənistanda yığılır. Şirkət multikopter və digər PUA-lar üçün xüsusi proqram təminatını hazırladığını bəyan edir. Bu işlər isə bilavasitə Ermənistan Müdafiə Nazirliyinin Hərbi Aviasiya İnstitunun nəzarəti altında həyata keçirilir. Bu şirkət iki il əvvəl Danimarkaya kənd təsərrüfatında istifadə üçün nəzərdə tutulan “Agrocopter” adlı multikopterin satışını reallaşdırıb.

“AzeriDefence”nin əldə etdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyi tərəfindən 2013-2014-cü illərdə Honq-Konqun (Çin) DJİ firmasından “Phantom” və “DJİ İnspire 1” modelinin hərbiləşdirilmiş versiyası, Rusiyanın ZALA Aero şirkətindən ZALA 421-21 multikopteri satın alınıb.

Məlumatlara görə, Ermənistan Ordusu üçün Honq-Konqdan quadkopterlərin tədarükü 2013-cü ildə “ArmCopters” şirkəti üzərindən həyata keçirilib. Belə ki, Ermənistan Müdafiə Nazirliyi “ArmCopters” üzərindən DJİ şirkətindən quadkopterlərin hərbiləşmiş versiyalarını satın alıb. Bu versiyaların bir ədədinin qiyməti 30-40 min ABŞ dolları civarındadır. Mülki versiyadan fərqli olaraq hərbiləşmiş versiya şifrəli məlumat ötürmə kanalına, GPS/QLONNAS naviqasiyasına, avtopilota, həmçinin gecə şəraitində kəşfiyyat aparmaq üçün optik sistemə malikdir. Hərbiləşmiş versiyalar nəqliyyat vasitəsi bazasında yerləşdirilmiş pultdan idarə olunur.

“ArmCopters” şirkəti öz saytında mülki təyinatlı multikopterlərin və onların hissələrinin açıq satışını keçirir. Burada da DJİ modelləri əsas yeri tutur. Facebook səhifəsində şirkətin rəhbəri Armen Safaryan müxtəlif vaxtlarda DJİ-nin baş ofisində çəkdirdiyi fotoları və bu PUA-larla apardığı çəkilişləri paylaşıb.

Safaryanın paylaşdığı fotolardan bəlli olur ki, o, həm də Ermənistanın Fövqəladə Hallar Nazirliyinə multikopter satışını həyata keçirib.

Multikopterləri kamikadzeyə çevirirlər

“AzeriDefence”nin məlumatına görə, bir müddət əvvəl erməni aviamodelçilərindən biri sosial şəbəkədə “Böyük Tiqran adına Xüsusi Hərbi İdman Məktəbi”nin laboratoriyasında üzərində işlədikləri kamikadze-multikopter (loitering munitions) barədə məlumat verib. O, hazırlanan PUA-nın modeli və faydalı yükünü sirr saxlayaraq, “bu ən güclü partlayışı etməyə yetərlidir” deyə yazıb.

Bu informasiyanın doğruluğunu yoxlamaq imkanı olmasa da, ermənilərin istehsal qiyməti ucuz – cəmi bir neçə min dollara başa gələn multikopterlərdən kamikadze kimi istifadə planlarının mövcud olduğunu düşünməyə əsas verir.

Normalda multikopterin faydalı yükünün 1 kq-a yaxın olduğunu deyən mütəxəssislərin sözlərinə görə, quadkopter və heksakopter modellərdə mövcud kameranın kiçildilməsi hesabına aparatın 250-300 qram plastik partlayıcı ilə yüklənməsi imkanı mövcuddur. Multikopterin üzərindəki litium-polimer batareyanın da güclü partlayış təsirini nəzərə aldıqda, ermənilərin multikopterlərdən təhlükəli məqsədlər üçün istifadə edə biləcəyi mümkündür. Xüsusilə də onların bu aparatları sərhədyanı kəndlərdə dinc əhaliyə, əsasən də uşaqlara təhlükə yaradır. Məsələn, hansısa məktəbin həyətinə endirilən aparat ətrafına uşaqlar yığııldığı zaman partladıla bilər. İndiyə qədər oyuncaqlara belə partlayıcı vasitələr yerləşdirərək çayla azərbaycanlıların yaşadığı kəndlərə axıdan ermənilərdən bu addım gözləniləndir.

Ermənistanın pilotsuz uçuş aparatları

Ermənistan pilotsuz uçuş aparatlarını (PUA) ilk dəfə 2011-ci ildə keçirilən hərbi paradda nümayişə çıxarıb. Yerli istehsal olduğu (bəzi mənbələrin məlumatına görə Serbiya ilə müştərək) bildirilən “Krunk-25-1”, “Krunk-25-2” və “Azniv” kəşfiyyat PUA-ı Ermənistan Ordusunun pilotsuz aviasiyasının əsasında dayanır. Hazırda Ermənistan Silahlı Qüvvələrinin (Qarabağdakı separatçılarla birgə) inventarında 25-ə yaxın “Krunk-25-1” və “Krunk-25-2” PUA olduğu bilinir.

Bununla yanaşı Ermənistan Ordusu yerli istehsal olan “Baze” adlı mini PUA-ya, Rusiya istehsalı olan 5 kompleks “Ptero-E5” pilotsuz uçuş aparatına, habelə çox sayda multikopter tipli aparata sahibdir. Sonuncu Ermənistan Ordusunun silahlanmasında X-55 adı ilə yer alır. “Ptero-E5” PUA-nın Ermənistan Fövqəladə Hallar Nazirliyi tərəfindən satın alınsa da, bir il əvvəl ordunun silah və texnikasının nümayiş olunduğu sərgidə PUA-ın Müdafiə Nazirliyinin silahlanmasında olduğu üzə çıxıb.

KATEQORIYA:
Bu xəbəri paylaş