Ermənistan Qarabağda Yaponiyadan alınmış tank daşıyıcılardan istifadə edir

Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağda keçirilən təlimlərində Yaponiyadan alınmış tank daşıyıcılarından istifadə olunub. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə APA agentliyi məlumat yayıb.

APA-nın yazdığına görə, Rusiyanın Strategiya və Texnologiyaların Analizi Mərkəzinin (AST) saytında həmin texnikaların fotoları yer alıb.

AST-nin direktor müavini Konstantin Makienkonun Qarabağdan hazırladığı foto reportajdan bəlli olur ki, Ermənistan Ordusunun Qarabağdakı birlikləri və separatçı rejimin hərbi bölmələri Yaponiyanın «Hino» şirkətinin istehsalı olan tank daşıyıcılarına malikdir. Taktik nəqliyyat vasitələrinin nə vaxt alındığı barədə isə heç bir məlumat yoxdur. Ermənilər bu nəqliyyat vasitələrindən əsasən ağır zirehli texnikaların daşınması üçün istifadə edirlər.

Bu faktlar xarici ölkələrin Ermənistana satdığı hərbi texnikanın Dağlıq Qarabağ separatçılarına ötürüldüyünü bir daha təsdiqləyir. Bundan əvvəl – cari ilin may ayında Xankəndində keçirilən paradda Serbiyanın 2007-ci ildə BMT-yə Ermənistan Respublikasına satdığını göstərdiyi M93 “Black Arrow” tipli snayper tüfənginin Qarabağ «ordusu»nun inventarında yer aldığı üzə çıxmışdı.

Qeyd edək ki, Yaponiya Azərbaycan və Ermənistan da daxil olmaqla münaqişəli ölkələrə hərbi təyinatlı məhsulların satışını həyata keçirmədiyini bəyan edib. Lakin məlum olur ki, Yaponiya bu bəyanatına əməl etməyərək Azərbaycan torpaqlarını işğal etmiş Ermənistana hərbi texnika satır.

Fotoreportajda ermənilərin cəbhə xəttində – ön mövqelərdə tank və piyadaların döyüş maşınlarını yerləşdirdiyi də əksini tapıb. Fotolardan göründüyü qədər ermənilər diqqəti cəlb etməmək üçün tank və PDM-lərin üzərini maskalayıblar.

Qeyd edək ki, AST hərbi sahədə araşdırmaları ilə məşhurdur.

KATEQORIYA:
Bu xəbəri paylaş