Əsgər oğluma

Bu məktubu sənə yazarkən azacıq da olsa özümü sənin yerinə qoydum. Alınmadı. Çünki biz Sovetlər Ordusunun əsgərləri özgə müharibələrin iştirakcısı olduq, Əfqanıstan adlı ölkəyə “internasional borc” ücün getdik. Sənsə öz vətəninə, öz xalqına borcunu verirsən indi. Müqəddəs borcdur bu. Mən səni cox əzizləmədim. İmkanım əhatəsində olana gücüm catdı. Hər zaman qorxdum ki, çağırış vərəqi gələndə sən “mən getmirəm, qoy başqaları getsin oğlum” deyəcəksən. Çünki səni ərkəsöyün, çılğın böyütmüşdüm. Lakin bircə təsəllim vardı: sən vətəninin ağır günündə gizlənməyib, döyüşlərə qatılmış Azərbaycan zabitinin oğluydun. Kökün var idi. Kökün üstündə də şükr ki, qanqal yox, əzəmətli palıd ağacı bitirdin. Zaman yetişdi, qapımıza Səfərbərlik Xidmətinin məktubu ilə poçtalyon gəldi. Əllərim əsə-əsə, qəlbim xofda, bu məktubu sənə verdim. Saniyələr çox ağır, çox üzücü keçdi mənim ücün. Sanki ağır bir imtahan qarşısında hazırlıqsız şagird idiim. “Çox gözəl, sən getdin borcunu verdin, indi zaman mənimdir” – deyəndə sevincdən parlayan üzünü görəndə dura bilmədim. Bayıra qaçıb yeni çiçəkləyən ərik ağacının altında hönkürdüm. Bilmirəm bu hönkürtü imtahanda qalib olmağımınmı, acıları, itkiləri, müharibələri keçən mənim böyük hərflə yazılacaq OĞUL yetişdirə bilməyiminmi, sənin mənə sadə uşaq zarafatı ilə “oğlum” deməyinin şirinliyininmi hönkürtüsi idi, bilmirəm. Yəqin o gün təzədən doğuldum mən. Sandım ki, o gün bütün döyüşdə itirdiyim şəhid qardaşlarım durdu məzardan və məni yenidən savaşlara, əsir torpaqlara, Xankəndinə bayraq sancmağa səslədi. Hönkürdükcə illərin nigarançılığı, illərin acısı və məyusluğu axdı gözlərimdən. Gedən günü səfərbərlik avtobusunun qapısına necə sevinclə doluşmağınız da yadımdadır. Əlimdə olan şirniyyat paketini sənə verəndə “get narahat olma ata, sənin yarımçıq qoyduğun savaşı davam etdirməyə gedirik. Bir şey olsa fikir etmə, biz Şəhid olanlardan, Qazi olanlardan heç də artıq deyilik. Vətən bizim,Torpaq bizim, ona can əmanətimiz var, gedirik verək” – deyəndə yenə də qəhər boğdu məni. Lakin sizin avtobusun pəncərəsindən gülən çöhrənizə baxıb nəsə bir güc hiss elədim özümdə. Siz getdiniz, o bahar çağı. Arxanızca ucalan toz dumanının hər zərrəciyi də mənə əziz idi.

İndi əziz balam, sən qarlı dağlar başındasan. Bir zamanlar bizlərin hənirtisinə həsrət səngərlər indi sizi qızındırır. Artıq sən öz xidmətinlə “çavuş” rütbəsinə də yüksəldiyini, komandirinin mənim ünvanıma təşəkkür məktubunu göndərməsini fərəhlə hamıya misal göstərirəm. Zaman vardı, o yüksəklikdə biz qanlı döyüşlər apardıq, düşmənin o yüksəkliyi almasına, arxada olan kəndlərimizi atəşdə saxlamasına imkan vermədik. İndi həmin yüksəklikdə bizim oğullarımız durur. Qoy düşmən görsün, qoy baxıb bağrı yarılsın ki, biz bitmədik. Bu gün oğullarımız o yüksəkliyi aşacaq və mənfurları əzəcək qədər əzmlidir.

Sənin sözlərini çağırışdan yayınanların hamısına dedim. Dedim ki, kişi anlamı heç də bahalı maşınlar, yaxşı geyimlər, restoranlarla bağlanmır, bu anlayış əsgər paltarından, əsgər kazarmalarından, təlim mərkəzlərindən, döyüş səngərlərindən başlanır. Bu başlanığıcın ömrü daha uzundur, çünki bu başlanğıc Vətən adlı məkanın, ana adlı varlığın qorunması anlamı, onun başının üstünü yağı alanda, düşməni əzmək anlamı ilə bərkiyir. Bu bərkimə poladdan da möhkəm, ildırımdan da şiddətlidir.

Keçən dəfə yanına gəldiyim zaman səni görə bilmədim. “Kəşfiyyatdadır” dedilər. Dağlara boylandım. Gözümdə o qarlı dağların o tayında ağ geyimli, əli silahlı, döyüş yoldaşlarınla səni gördüm elə bil. Bu səhnə mənə tanış olsa belə, yenə də qəlbim sənin yanında oldu. Sadəcə qanad alıb yanına uçmaq keçdi könlümdən. O torpaqları bir də ayaqlamaq istədim. Təsəllim sənin əsgər çəkmələrin oldu. İndi sən addımlayırdın o dağ aşırımlarında. Qoy müvəqqəti olsun, qoy “kəşfiyyat” olsun. Lakin mənim inamım var ki, zaman gələcək, sən əlində üçrəngli bayrağın o aşırımları öz manqanla aşaraq, düşməni əzərək, həmən bayrağı Vətənimin işğalda olan bir rayonunun azad olmuş şəhərində asacaqsan. Zaman gələcək ki, sən Şuşadan axırıncı mənfuru qovub, hisli, tərli sifətini əlinlə silib, Cıdır düzündən arxaya boylanaraq azad Qarabağımızı görəcəksən. Və bu zaman sən tək mənim yox bu Vətənin seçilən və şərəfli oğullarından biri olacaqsan. O zaman mən yenidən doğulub 30 yaşlarında leytenant paqonlu bir gənc olacam. Qocalıq və ahıllıq qaçacaq məndən o zaman.
Səni bağrıma basıram – mənim davamçım və əsgər oğlum.

Abuzər Əbilov
“Azeri Defence” jurnalının əməkdaşı, ehtiyatda olan polkovnik-leytenant
Yazı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin “Əsgərə məktublar” adlı müsabiqəsinə təqdim olunur

KATEQORIYA:
Bu xəbəri paylaş