“Əsgərə məktublar” adlı yazı müsabiqəsinin qalibləri təltif edilib

Bu gün Bakıda 3 saylı “ASAN xidmət” mərkəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) yaranmasının 4 illiyinə həsr olunmuş tədbir keçirilib.

“AzeriDefence”nin məlumatına görə, tədbirdə SHÇDX-nin vətənpərvərlik təbliğatının yüksəldilməsi məqsədi ilə kütləvi informasiya vasitələri nümayəndələri arasında elan edilmiş “Əsgərə məktublar” adlı yazı müsabiqəsinin qalibləri təltif edilib.

Müsabiqəyə 2015-ci ilin dekabr ayının 7-dən 2016-cı il yanvarın 19-dək olan müddətdə qəzet, jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında dərc olunan yazılar buraxılıb. Hər iştirakçı müsabiqəyə bir yazı təqdim edib. Müsabiqəyə təqdim olunan yazılar təbliğat, maarifləndirmə, çap məqsədilə Xidmətin nəşrlərində istifadə ediləcək.

Qaliblər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomları və pul mükafatları ilə təltif olunublar. Müsabiqəyə 50-dək yazı buraxılsa da, yalnız 13 müəllif təltif edilib. Onlardan 10 nəfəri həvəsləndirici, 3 nəfəri əsas mükafata layiq görülüb. SHÇDX tərəfindən mükafata layiq görülənlər arasında “AzeriDefence”nin əməkdaşı Abuzər Əbilov da olub.

Tədbirdə SHÇDX rəisinin birinci müavini general-mayor Zaur Abdullayev, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar Agentliyinin sədrinin müavini Ülvi Mehdiyev və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev və digər qonaqlar çıxış ediblər.

KATEQORIYA:
Bu xəbəri paylaş