FHN Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəisi: Azərbaycan beynəlxalq xilasetmə əməliyyatlarına töhfəsini artırır

FHN Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəisi: Azərbaycan beynəlxalq xilasetmə əməliyyatlarına töhfəsini artırır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Baş əməliyyat idarəsinin rəis müavini, nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri polkovnik-leytenant Ələsgər Əliyev INSARAG proqramı ilə bağlı AZERİ DEFENCE jurnalının suallarını cavablandırıb.

 Azeri Defence: Cənab polkovnik-leytenant, Fövqəladə Hallar Nazirliyinin nəzdində Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin formalaşdırılması hansı zərurətdən yarandı?

Ələsgər ƏLİYEV: Müasir dövrdə elm və texnologiyaların sürətli inkişafına, fəlakətlərin qarşısının alınması sahəsindəki bütün səylərə baxmayaraq, cəmiyyət hələ də belə halların acı təsirinə məruz qalmaqdadır. Dünyanın müxtəlif ölkələrində baş verən irimiqyaslı təbii fəlakətlər böyük iqtisadi ziyana, dağıntılara, ən ağırı isə insan tələfatına səbəb olur. İnkişaf səviyyəsindən asılı olmayaraq heç bir ölkə təbii fəlakətlərdən sığortalanmayıb. Fəlakətlər baş verən zaman əsas səylər ziyan və itkilərin həcminin maksimum azaldılmasına yönəldilir. Bu zaman ən vacib fəaliyyət istiqaməti insanların həyatının qorunmasından ibarətdir. Bir çox hallarda fəlakətlərdən ziyan çəkmiş ölkələr yardım üçün beynəlxalq ictimaiyyətə müraciət edirlər. Müraciətin əsas məqsədi operativ olaraq, lazımi sayda qüvvə və vasitələr cəlb edilməklə fəlakətin nəticələrinin aradan qaldırılmasıdır. Fəlakətlərdən ziyan çəkmiş ölkələrə yardım göstərilməsində Azərbaycan öndə gedən ölkələrdəndir. Bildiyiniz kimi, Prezident İlham Əliyev ölkə daxilində baş verən fövqəladə hallara hər zaman operativ reaksiya verməklə çətinə düşən insanlara ali dövləti dəstəyini göstərir. Bu humanist siyasəti beynəlxalq arenada da nümayiş etdirən ölkə başçısı xarici ölkələrdə baş verən fəlakətlər zamanı lazımi köməkliyin göstərilməsi ilə bağlı müvafiq tapşırıqlarını verir və icrasına şəxsən nəzarət edir. Bütün bunlar isə bizi işlərimizi yüksək səviyyədə, beynəlxalq standartlara uyğun qurmağa sövq edir.

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə Fövqəladə Hallar Nazirliyinin xilasetmə bölmələri müasir texnika və avadanlıqlarla təmin olunub. Bu gün xilasedicilərimiz təkcə ölkəmizin hüdudları daxilində deyil, həm də xarici ölkələrdə humanitar əməliyyatlarda ölkəmizi uğurla təmsil etmək imkanlarına malikdir. Belə ki, ölkə başçısının tapşırığına əsasən, nazirliyin müvafiq qurumları 2010-cu ildə Rusiya Federasiyasında, 2010-cu və 2016-cı illərdə İsrail Dövlətində, 2017-ci ildə Gürcüstanda baş vermiş meşə yanğınlarının söndürülməsində, 2011-ci ildə Türkiyə Respublikasının Van vilayətində baş vermiş zəlzələ ilə əlaqədar axtarış-xilasetmə işlərinin həyata keçirilməsində yaxından iştirak ediblər.

Bununla yanaşı, 2010-cu ildə Pakistan İslam Respublikasındakı daşqınlar, 2012-ci ildə Rusiya Federasiyasının Krasnodar diyarında və Dağıstan Respublikasındakı daşqınlar, həmin il İran İslam Respublikasında baş vermiş zəlzələ, 2014-cü ildə Serbiya Respublikası və Bosniya və Hersoqovinada baş vermiş daşqınlar, 2019-cu ilin aprel ayında İran İslam Respublikasında aramsız yağan leysan yağışları nəticəsində baş vermiş fəlakət ilə əlaqədar Azərbaycandan humanitar yardımların çatdırılmasına nazirliyimizin qurumları cəlb edilib. Eyni zamanda, 2013-cü ildə Misirdəki iğtişaşlarla əlaqədar orada yaşayan azərbaycanlıların, 2015-ci ildə Nepalda baş vermiş dağıdıcı zəlzələ nəticəsində fəlakət zonasında olan soydaşlarımızın və xarici ölkə vətəndaşlarının Fövqəladə Hallar Nazirliyinə məxsus təyyarə ilə təcili təxliyyəsi həyata keçirilib. Dövlət başçısının digər tapşırığına əsasən, Myanmada Rohingya müsəlmanlarına qarşı davam edən kütləvi zorakılıq zəminində əziyyət çəkən insanlara kömək göstərmək məqsədilə Azərbaycan Hökuməti adından humanitar yardımın ünvanına çatdırılması təmin edilib.

Məlumdur ki, təbii fəlakətlər insanların iradəsindən asılı olmayaraq baş verir və belə hallara cəmiyyətin hazırlığı günün tələbinə çevrilib. Fövqəladə hallarla mübarizə sahəsində geniş imkanlara malik ölkələrin birgə səyləri belə hallarda daha yüksək nailiyyətlərin əldə olunmasına zəmin yaradır. Azərbaycan bu sahədə mövcud təşəbbüslərə qoşularaq öz dəstəyini göstərməkdədir.

Gələcəkdə humanitar əməliyyatlarda ölkəmizin layiqincə təmsil olunması əsas məqsədlərimizdəndir və bunun üçün var gücümüzlə çalışırıq.

FHN-in fəlakətlərdən ziyan çəkmiş ölkələrə yardım göstərilməsi sahəsində Birləşmiş Millətlər Təşkilatı (BMT) və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi, humanitar əməliyyatlarda ölkəmizin daha yüksək səviyyədə təmsil olunması məqsədi ilə 2016-cı ildə Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə dəstəsi yaradılıb.

Azeri Defence: Dəstənin şəxsi heyətinin komplektləşdirilməsi hansı prinsiplər üzrə yerinə yetirilir?

Ələsgər ƏLİYEV: Əvvəlcə, qeyd edim ki, FHN-in Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin əsas fəaliyyət istiqaməti geniş ərazini əhatə edən dağıntılar şəraitində həyata keçirilən humanitar əməliyyatlarda ölkəmizi təmsil etməkdir. Əməkdaşlar Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin şəxsi heyətinin sıralarına öz müraciətləri əsasında qəbul edilirlər. Beynəlxalq Axtarış-xilasetmə dəstəsinə nazirliyin xilasetmə və tibb sahəsində ixtisaslaşmış qurumlarının müvafiq sahədə daha çox təcrübəyə malik əməkdaşlarının cəlb edilməsinə xüsusi diqqət yetiririk. Tibbi baxışdan keçdikdən sonra dəstənin sıralarına qəbul edilən üzvlərin sağlamlıq vəziyyətinin lazımi səviyyədə saxlanılması üçün ildə iki dəfə təkrar həkim müayinəsindən keçirilməsi diqqət mərkəzində saxlanılır. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq, şəxsi heyətin peyvənd olunması vacib amillərdəndir. Onu da qeyd edim ki, beynəlxalq humanitar əməliyyatlar zamanı ingilis dilinin əsas ünsiyyət vasitəsi olduğunu nəzərə alaraq, bu dildə danışmaq bacarığı olan əməkdaşlar dəstənin idarəetmə qruplarında fəaliyyət göstərirlər.

Azeri Defence: Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin qarşısında duran tapşırıqlar nələrdir? Bu tapşırıqların vaxtında, çevik şəkildə icrası üçün hansı addımlar atılır?

Ələsgər ƏLİYEV: Qarşıda duran əsas vəzifəmiz Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin maddi-texniki bazasının təkmilləşdirilməsi və şəxsi heyətin hazırlıq səviyyəsinin beynəlxalq təlimatların tələblərinə uyğun səviyyədə saxlanılmasını təmin etməklə, ölkəmizi beynəlxalq humanitar əməliyyatlarda təmsil etməyə daim hazır olmaqdır. Bu məqsədlə, axtarış-xilasetmə sahəsində qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi, əməkdaşların bilik və bacarıqlarının daima inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır. Bütün imkanlardan istifadə edərək şəxsi heyətin biliklərinin artırılmasına səy göstəririk. Şəxsi heyətin hazırlığında lazımi nəticənin əldə olunması üçün onların mütəmadi olaraq ölkə daxilində və xarici ölkələrdə keçirilən təlimlərdə, müvafiq kurslarda iştirakına əhəmiyyət veririk. Bu məqsədlə, fövqəladə halların idarə olunması sahəsində böyük təcrübəyə malik xarici ölkələrin uyğun qurumları, eləcə də bir sıra beynəlxalq təşkilatlarla əməkdaşlığımız inkişaf etdirilir.

Azeri Defence: 2019-cu ilin noyabr ayında Bakıda INSARAG ilə birlikdə “Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlim keçirildi. Bu təlim barədə bir qədər detallı məlumat verməyinizi istərdik.

Ələsgər ƏLİYEV: Bildiyiniz kimi, ölkəmiz bir çox mötəbər tədbirlərə ev sahibliyi edir. Belə tədbirlərə Azərbaycanın ev sahibliyi etməsi heç də təsadüfi deyildir. Bu sahədə geniş texniki imkanların yaradılması ilə yanaşı, həm də kadr potensialı formalaşdırır.

“Zəlzələ hadisələrində cavabvermə” mövzusunda beynəlxalq regional təlim 3-8 noyabr 2019-cu il tarixlərində FHN-in və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin birgə təşkilatçılığı ilə Nazirliyin Akademiyasında keçirilib.

Beynəlxalq regional təlimdə 25-dən artıq ölkə, 10 beynəlxalq və qeyri-hökumət təşkilatı ilə yanaşı, Azərbaycandan aidiyyəti qurumların nümayəndələri də iştirak ediblər.

Təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallara aidiyyəti dövlət qurumları tərəfindən çevik reaksiya verilməsi, axtarış-xilasetmə əməliyyatlarının təşkili və həyata keçirilməsi, yardım üçün gələn beynəlxalq dəstələrin fəaliyyətinin əlaqələndirilməsi sahəsində təlim iştirakçılarının peşəkar fəaliyyətinin təkmilləşdirilməsi, təcrübə mübadiləsinin aparılmasından ibarət olub. Təlimin açılış mərasimində FHN-nin rəhbərliyi, Beynəlxalq Axtarış və Xilasetmə Məşvərət Qrupu (INSARAG) Katibliyinin rəhbəri Rudolf Muller, Belarus Respublikasının Fövqəladə Hallar naziri Vladimir Vaşenko, Türkiyə Respublikası Daxili İşlər nazirinin müavini İsmail Çataklı və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İsakzai iştirak etdilər. Açılış mərasimində ölkəmizin ev sahibliyi etdiyi bu tədbirin əhəmiyyəti qeyd olunmaqla yanaşı, müasir dünyamızda baş verən fövqəladə hallarla mübarizə sahəsində birgə əməkdaşlığın vacibliyini vurğulandı. Bu kimi təlimlərin təcrübə mübadiləsi baxımından faydalı olduğu qeyd olundu. Gələcəkdə əməkdaşlığın genişləndirilməsi və əlaqələrin daha da inkişaf etdirilməsinin bütün tərəflər üçün səmərəli olduğu diqqətə çatdırıldı.

Təlim zamanı ssenariyə uyğun olaraq fəlakət nəticəsində zərərçəkmiş ölkəyə beynəlxalq humanitar yardımın göstərilməsi sahəsində tədbirlər, o cümlədən yardım üçün gələn beynəlxalq komandaların qarşılanması, gömrük və sərhədkeçmə prosedurlarının icrası, axtarış-xilasetmə tədbirlərinin həyata keçirilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili üzrə tədbirlər icra edildi. Bu fəaliyyət sahələrində təcrübə mübadiləsi aparıldı və yekunda iştirakçılara müvafiq sertifikatlarla təltif olundular.

Onu da qeyd etmək istəyirəm ki, bu tədbirə Azərbaycanın ev sahibliyi etməsi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə yanaşı, digər aidiyyəti dövlət qurumlarının nümayəndələrinin də iştirakı, daha çox mütəxəssisin təcrübə qazanması baxımından səmərəli oldu.

Azeri Defence: Bu yaxınlarda dəstənizin heyəti Türkiyədə təlimlərdə iştirak edib. Bu haqda nə deyə bilərsniz?

Ələsgər ƏLİYEV:  Bu gün iki qardaş ölkə, Azərbaycan və Türkiyə arasında digər sahələrlə yanaşı, fövqəladə halların idarə olunması sahəsində də əlaqələr uğurla inkişaf edir.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin Birləşmiş Millətlər Təşkilatının Humanitar Əməliyyatların Koordinasiya Ofisinin Beynəlxalq Axtarış-Xilasetmə Məşvərət Qrupunun (INSARAG) klassifikasiyasından keçirilməsinə hazırlığı üzrə tədbirlər Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) mentorluğu ilə davam etdirilməkdədir. Əməkdaşlıq çərçivəsində ekspertlərin işçi görüşləri keçirilir və müvafiq məsləhətləşmələr aparılır.

Əməkdaşlarımız qardaş ölkənin ekspertlərinin iştirakı ilə həm ölkəmizdə, həm də Türkiyədə keçirilən təlimlərdə müvafiq sahədə böyük təcrübə əldə edirlər. Cari ilin yanvar ayında Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi AFAD-ın dəvəti ilə Ankara şəhərində keçirilən təlimdə iştirak etdi. Təlim çərçivəsində Beynəlxalq Dəstənin üzvləri AFAD-da oldular. Türkiyə Respublikasının Daxili İşlər naziri Süleyman Soylu və AFAD-ın rəhbəri doktor Mehmet Güllüoğlu Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri ilə görüşdülər.

Təlimin əsas məqsədi Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun sinifləndirilməsindən keçməsi üçün hazırlığının artırılması, eyni zamanda, şəxsi heyətin humanitar əməliyyatlarda iştirakına dair bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarət oldu. Nəzəri və praktiki olmaqla 2 mərhələdə keçirilən təlimin birinci – nəzəri mərhələsində beynəlxalq humanitar əməliyyatlarda iştiraka dair təqdimatlar dinlənildi və bu sahədə fikir mübadiləsi aparıldı.

Təlimin 36 saat ərzində fasiləsiz olaraq davam edən ikinci – praktiki mərhələsində əsas fəaliyyət təbii fəlakət nəticəsində ərazidə yaranmış vəziyyətin qiymətləndirilməsi, müvafiq qərarların qəbul edilməsi, idarəetmə və qarşılıqlı fəaliyyətin təşkili, tikililərin dağıntıları altından zərərçəkmişlərin xilas olunması, onlara ilkin tibbi yardımın göstərilməsi və təxliyyəsi üzrə prosedurların yerinə yetirilməsindən ibarət oldu. Təlim vaxtı, o cümlədən gecə saatlarında həyata keçirilən əməliyyatlar zamanı texniki təhlükəsizlik qaydalarına riayət olunması, həyat və sağlamlığın qorunması üzrə əməli vərdişlərin aşılanması diqqət mərkəzində saxlanıldı.

Qeyd edim ki, təlimlər zamanı qarşıya qoyulmuş məqsədlərə nail olundu. Əməkdaşlarımızın təcrübələrinin daha da artırılması baxımından səmərəli oldu.

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş