FHN əməkdaşları Türkiyədə partlayıcı maddələrin zərərsizləşdirilməsi kursunda iştirak ediblər

Azərbaycan Fövqəladə Hallar Nazirliyi (FHN) və Türkiyə Quru Qoşunları İstehkam Məktəbi Komandanlığı arasında əldə olunmuş razılaşmaya əsasən Xüsusi Riskli Xilasetmə Xidmətinin 5 nəfər əməkdaşı İzmir şəhərində Quru Qoşunları İstehkam Məktəbi Komandanlığının bazasında təşkil edilmiş “Minalar, Əldəqayırma partlayıcı maddələr (ƏPM) və Partlayış işlərinin aparılması texnikası” kurslarında iştirak ediblər.

Bu barədə “AzeriDefence” FHN-in “Fövqəladə Hallar” qəzetinə istinadən məlumat verib.

Keçirilmiş tədris kursu dövründə xidmətin əməkdaşları minaların növləri, qeyri sənaye üsulu ilə hazırlanmış partlayıcı qurğuların növləri, əsas təhlükəsizlik tədbirləri, xüsusi qoruyucu geyim vasitələrindən istifadə qaydaları, əməliyyat aparılan ərazidə mobil rabitə və radiostansiya aparatlarının fəaliyyətini məhdudlaşdırmaq üçün jammer qurğusunun tətbiqi, partlayış üsulları (detanasiya qaytanı ilə, yandırıcı fitil ilə, elektrik kapsulu ilə), aşkar edilmiş hərbi sursatların və qeyri sənaye üsulu ilə hazırlanmış partlayıcı qurğuların partlayış üsulu ilə məhv edilməsi, sənayedə ağac, dəmir konstruksiyaların partladılması barədə mühazirələri dinləyib və praktiki məşğələlərdə iştirak ediblər.

Kurslarda tədris prosesi başa çatdıqdan sonra müvafiq testlər götürülüb və əməkdaşlara “Minalar, Əldəqayırma partlayıcı maddələr (ƏPM) və Partlayış işlərinin aparılması texnikası” üzrə sertifikatlar təqdim edilib.

KATEQORIYA:
Bu xəbəri paylaş