FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin hesabat yığıncağı keçirilib

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin hesabat yığıncağı keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki müdafiə qoşunlarında nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin 2019-cu ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.

“AzeriDefence”nin FHN-nin saytına istinadən verdiyi məlumata görə, iclasda çıxış edən FHN-in Baş əməliyyat idarəsinin rəis müavini, nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin rəhbəri polkovnik-leytenant Ələsgər Əliyev 2019-cu ildə görülən işlərlə bağlı məlumat verib. Bildirib ki,  nazirliyin ildən-ilə genişlənən maddi-texniki bazası və kadr potensialı FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin fəaliyyətində uğurların əldə olunmasına zəmin yaradıb. Belə ki, nazirliyin mövcud imkanlarından yararlanaraq, FHN-in Beynəlxalq Axtarış-xilasetmə dəstəsinin şəxsi heyətinin ötən il ərzində həm xarici ölkələrdə, həm də respublikada keçirilən təlim və kurslarda iştirakı təmin edilməklə onların humanitar əməliyyatlarda iştirak sahəsində bilik və bacarıqlarının daha da artırılmasına nail olunub. Şəxsi heyətin hazırlığının yüksəldilməsində həmçinin FHN-in BMT və Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə keçirilən kurs və təlimlərin mühüm rol oynadığı diqqətə çatdırılıb. Qeyd olunub ki, cari ildə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçirilməyə hazırlığı üzrə tədbirlər davam etdiriləcək.

Tədbirdə çıxış edən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fövqəladə hallara hazırlıq şöbəsinin müdiri Elşən Səlimzadə FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin təcrübə imkanlarının artırılması istiqamətində reallaşdırılan birgə kursların əhəmiyyətindən danışaraq Dəstənin fəaliyyətində uğurlar arzulayıb.

Sonra 2019-cu ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Nümayəndəliyinin, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin və Fövqəladə Hallar Nazirliyinin birgə təşkilatçılığı ilə Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin şəxsi heyəti üçün “Beynəlxalq humanitar əməliyyatlarda iştirakın əsasları, Beynəlxalq hüquq və davranış qaydaları” mövzusunda Bakıda keçirilmiş kursu uğurla başa vuran Dəstə üzvlərinə sertifikatlar təqdim olunub.

Daha sonra 2019-cu il noyabr ayında Bakıda keçirilmiş “Zəlzələ zamanı cavabvermə tədbirlərinin həyata keçirilməsi” mövzusundakı beynəlxalq təlimin keçirilməsi zamanı baş verə biləcək fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılmasına hazırlığın təmin edilməsi və qarşıda duran tapşırıqların yerinə yetirilməsində fərqləndiyi və əldə etdiyi nailiyyətlərə gorə” Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun əmri ilə Dəstənin bir qrup əməkdaşına medal, fəxri fərman və təşəkkürnamələr təqdim olunub.

 

 

 

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş