FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı

FHN-in Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin səlahiyyətləri artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi haqqında Əsasnaməsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Bu barədə “AzeriDefence” Prezidentin saytına istinadən məlumat verib.

Fərmana əsasən Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin səlahiyyətlərində dəyişiklik olub.

Bu fərmanla Agentliyə nüvə və radiasiya təhlükəsizliyi məsələləri üzrə tikinti norma və qaydalarını, habelə təlimatları, metodiki və digər sənədləri hazırlamaq səlahiyyəti verilir, o cümlədən Agentlik bu sahədə dövlət standartlarının, əməyin mühafizəsi qaydalarının hazırlanmasında iştirak edəcək.

Həmçinin, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi nüvə, radioaktiv maddə və ionlaşdırıcı şüa mənbələrindən istifadə ilə əlaqədar fəaliyyət göstərən müəssisə və təşkilatlarda, habelə radiasiya nəzarəti aparılan ərazilərdə radiasiya təhlükəsizliyinin təmin edilməsi tədbirlərini həyata keçirmək, onların səmərəliliyinin qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirilməsi (sahibkarlara münasibətdə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla) işini aparacaq.

Bundan başqa Agentlik öz səlahiyyətləri daxilində ölkədə fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə radioaktiv məhsulları istehsal və istifadə edən təşkilat və müəssisələrin fəaliyyətinin “Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” müəyyən edilmiş qaydada tam və ya qismən dayandırılması barədə qərar qəbul edəcək.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş