FHN: Psixoloji yardımla bağlı qaynar xəttə 1400-dən çox müraciət daxil olub

FHN: Psixoloji yardımla bağlı qaynar xəttə 1400-dən çox müraciət daxil olub

Məlumat verildiyi kimi, Azərbaycanda mövcud karantin rejimində psixoloji problemlər yaşayan vətəndaşlara dəstək olmaq məqsədilə Fövqəladə Hallar Nazirliyi tərəfindən “112” qaynar telefon xətti vasitəsilə nazirliyin peşəkar psixoloqları tərəfindən təcili psixoloji yardımın göstərilməsi işi təşkil olunub.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Azeri Defence saytına verilən məlumata görə, növbəlilik əsasında 24 saat fasiləsiz xidmət aparan FHN-in xüsusi hazırlıqlı psixoloqları vətəndaşlara lazımi psixoloji yardım göstərirlər.

Ötən müddət ərzində psixoloji yardımla bağlı Bakı şəhəri və respublikanın müxtəlif regionlarından qaynar xəttə 1400-dən çox müraciət daxil olub. Müraciətlər, əsasən, COVID-19 infeksiyasına özlərinin və yaxınlarının yoluxma riskindən narahatlıq keçirən, yaşlı ailə üzvlərinə görə gərginlik yaşayan, təklikdən və ünsiyyət azlığından əziyyət çəkən, psixoloqlarla üzbəüz danışmaqdan sıxılan, psixosomatik əlamətlər yaşayan və digər psixoloji problemlərlə üzləşən vətəndaşlar tərəfindən olub.

Məlumatda o da qeyd olunub ki, psixoloji yardımın təşkil olunmasında əsas məqsəd vətəndaşları psixoloji problemləri ilə tək qoymamaq, mənəvi dəstək olmaq, karantin rejimi dövründə onlara kömək etməkdən ibarətdir. Bununla bağlı vətəndaşlar Nazirliyin “112” qaynar telefon xəttinə sutkanın istənilən vaxtı zəng vurub müvafiq psixoloji dəstək ala bilərlər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş