FHN Rusiya ilə sərhəddə qəbul-çeşidləmə məntəqələri yaradıb

FHN Rusiya ilə sərhəddə qəbul-çeşidləmə məntəqələri yaradıb

Azərbaycan Respublikası ərazisində koronavirusun (COVİD-19) yayılma təhlükəsinin qarşısının alınması məqsədilə Azərbaycan Hökumətinin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən Rusiya Federasiyası ilə sərhəddə Qusar rayonunun ərazisində yerləşən “Samur” və Xaçmaz rayonunun ərazisində yerləşən “Xanoba” sərhəd-keçid məntəqələrinin yaxınlığında qəbul-çeşidləmə məntəqələri qurulub.

Bu barədə “AzeriDefence”yə FHN-in mətbuat xidmətindən məlumat verilib.

Fasiləsiz rejimdə fəaliyyət göstərən məntəqələrdə hər cür müasir tibbi avadanlıqlarla təchiz edilmiş FHN-in peşəkar tibbi briqadaları fəaliyyət göstərir. Belə ki, sərhəd-keçid məntəqələrində ilkin tibbi müayinədən keçən şəxslər burada təkrar müayinə ediləcək, hər hansı şübhəli əlamət aşkar edilən şəxslərin daha dəqiq diaqnoz qoyulması üçün xüsusi ayrılmış müvafiq yerli xəstəxanaya təxliyyəsi, şübhəli əlamət aşkar olunmamış şəxslərin isə çadırlarda karantin rejimində müvəqqəti qalması təmin ediləcək.

Hər birində 20 çadır olmaqla eyni vaxtda 100 nəfərin qalmasına imkan verən məntəqələrdə normal yaşayış üçün lazım olan hər cür şərait yaradılıb, qidalanma, gigiyenik vasitələrlə təchizat, çadırların isidilməsi və s. ilə bağlı hər hansı problem yoxdur, sanitar-gigiyenik tələblər tam təmin olunub. Zərurət yarandıqda çadırların sayı qısa müddətdə artırıla bilər.

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş