FHN XRXX müasir minatəmizləmə avadanlıqları ilə təchiz edilib -ÖZƏL

FHN XRXX müasir minatəmizləmə avadanlıqları ilə təchiz edilib -ÖZƏL

Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) çevik minatəmizləmə qrupu mina və partlayıcı maddələrin aşkarlanması, götürülməsi, daşınması və zərərsizləşdirilməsi üçün nəzərdə tutulan avadanlıqlarla tam təchiz edilib.

“AzeriDefence”nin bildirdiyinə görə, bu barədə XRXX-nin Pirotexnika və istehkam hazırlığı şöbəsinin baş zabiti Süleyman Heydərov məlumat verib.

S.Heydərov bildirib ki, XRXX-in hərbi hissəsinin çevik minatəmizləmə qrupu partlayıcı vasitələrin təhlükəsiz şəkildə götürülməsi, daşınması və zərərsizləşdirilməsi, o cümlədə ərazilərin minalardan təmizlənməsi fəaliyyətilərini yerinə yetirir. Qrup tərəfindən ərazidə və obyektlərdə aşkar edilən şübhəli əşiyaların, sahibsiz çantaların texniki müayinəsi və müayinənin nəticəsində əməliyyatın digər üsulları həyata keçirilir. Komandir daxil olamaqla 5 nəfərdən ibarət qrupun heyəti Azərbaycanda və Türkiyədə Silahlı Qüvvələrin müxtəlif qoşun növlərində aidiyyatı kursalarda iştirak edib və sertifikatlara sahibdir. Qrup fəaliyyət göstərdiyi müddət ərzində, 2016-cı ildə Müdafiə Sənayesi Nazirliyinin “Üfüq” İstehsalat Birliyinin Şirvan “Araz” zavodunda, 2017-ci ildə Xızı rayonu ərazisində Müdafiə Nazirliyinin sursat anbarında baş vermiş partlayış zamanı əraziyə səpələnmiş sursatların təmizlənməsində yaxından iştirak edib.

Heydərovun sözlərinə görə qrupun şəxsi heyəti partlayış təhlükəli əşyaların axtarışı və zərərsizləşdirilməsi üçün müasir avadanlıqlarla təchiz edilib. Heyətin istifadəsində mövcud olan XRS-3 tipli portativ x-ray cihazı şübhəli və sahibsiz çantaların texniki müayinəsini aparmaq üçün istifadə olunur. E-3500 qaz analizatoru isə partlayıcı maddənin ətrafında yaranmış aerezollar nəticəsində partlayıcı maddənin növünü müəyyən edir.

Xilasedicilərin yaxınlaşması riskli olan yerlərdə lazımi əməliyyatların aparılması üçün ABŞ-ın “MED Eng” şirkətinin istehsalı olan “Defender” və “Digital Vanguard” robotları istifadə edilir. Partlayış təhlükəli əşyaların aşkar edilməsi, daşınması və zərərsizləşdirilməsində istifadə olunan “Digital Vanguard” robotunun maksimum sürəti 2 km/saat, çəkisi 56 kq, yükqaldırma qabiliyyəti 80 kiloqramdır. Üç ədəd kamera ilə təchiz olunmuş robot açıq ərazidə – düz görüntü sahəsində 1000 metrə qədər məsafədən idarə edilə bilir. Nisbətən böyük qabaritlərə malik “Defender” robotunun vasitəsi ilə 75 kiloqrama qədər təhlükəli əşyaların təxliyyəsi mümkündür. Sürəti 3.3 km/saat olan robotun çəkisi 275 kiloqram təşkil edir.

Qrupun silahlanmasına yerin 1 metrədək dərinliyində mina və partlamamış döyüş sursatlarını aşkarlama qabiliyyətinə malik ABŞ istehsalı olan SMA-250 və Azərbaycan MSN-in istehsalı olan İMA-007 mina detektorları, təhlükəli maddə və qurğuları yerində partlatmaq üçün su topu daxildir. Heyət təhlükə ehtimalı olan yüklərin götürülməsində “MED Eng” şirkətinin 3 metrə qədər uzana bilən TM-600 manipulyatorundan istifadə edir.

Çevik qrupun heyəti partlayışlardan partlayış təsirlərinə davamlı A-4 səviyyəli xüsusi qoruyucu ağır kostyumla (“MED Eng” şirkətinin istehsalı), habelə A-3 səviyəli zirehli gödəkcə və qoruyucu vizirə malik dəbilqə ilə təchiz olunub. Qrupun istifadəsində olan təxliyyə dəsti obyektlərdə, o cümlədən avtomobillərdə partlayıcı qurğunun insan təması olamadan evakuasiyasını təmin edir. Aşkarlanmış partlayış təhlükəli maddələr MAN markalı avtomobilin yedəyinə qoşulmuş “Victoriya” markalı konteynerlərdə daşınır. Polşanın “Jakusz” şirkətinin istehsalı olan, iki oxlu qoşqu üzərində yerləşdirilimiş konteyner 10 kiloqram TNT ekvivalentində partlayıcı maddələrin, partlayış təhlükəli əşyaların və digər təhlükəli materialların təhlükəsiz daşınması üçündür. /Daha geniş yazı AZERİ DEFENCE jurnalının Yanvar-Fevral 2019-cu il tarixli 01 (45) sayında

KATEQORIYA:
TEQLƏR
Bu xəbəri paylaş