Fövqəladə Hallar Nazirliyinin 12 illiyi qeyd olunub

Dekabrın 14-də Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) yaradılmasının 12-ci ildönümü və işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Bu barədə “AzeriDefence” FHN-nin mətbuat xidmətinə istinadən məlumat verib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə nazirliyin kollektivi Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin, görkəmli oftolmaloq Zərifə xanım Əliyevanın, Şəhidlər Xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarlarını ziyarət edib, onların xatirəsini yad ediblər.

Sonra FHN-nin Akademiyasında Fövqəladə Hallar Nazirliyi və Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Fövqəladə hallar uşaqların gözü ilə” VII Respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və mükafatlandırılması mərasimi keçirilib. Respublikanın bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdiyi və 2017-ci ilin sentyabr-dekabr ayları ərzində keçirilmiş müsabiqənin təşkilində məqsəd uşaqlara təhlükəsiz həyat fəaliyyətinin əsaslarının öyrədilməsi, istedadlı uşaqların üzə çıxarılması və onlara dəstək verilməsi, yetişməkdə olan gənc nəslin vətənpərvərlik ruhunda tərbiyələnməsi, fövqəladə hal problemlərinə ictimaiyyətin diqqətinin yönəldilməsi olub.

Müsabiqə rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Rayon və şəhər müsabiqələrinin yekunları üzrə Təşkilat Komitəsinə 490 rəsm, 241 plakat, 202 əl işi, 205 yanğın və qəza-xilasetmə texnikasının modeli və 111 yumşaq oyuncaq təqdim olunub. Təqdim olunmuş işlər Təşkilat Komitəsi tərəfindən qiymətləndirilib, I yerə 32 nəfər, II yerə 39 nəfər III yerə 37 nəfər layiq görülüb, 30 nəfər isə həvəsləndirici diplomla təltif olunub.

Mükafatlandırma mərasimindən sonra FHN-in 2017-ci ildəki fəaliyyətinə, yaradılmasının 12-ci ildönümünə və peşə bayramına həsr olunmuş Kollegiya iclası keçirilib. Kollegiya iclasını açıq elan edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov FHN-nin yaradılmasının 12-ci ildönümü və peşə bayramı münasibətilə şəxsi heyəti təbrik edərək uğurlar arzulayıb.

Nazir Kəmaləddin Heydərov ötən 2017-ci il ərzində fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində görülmüş işlər, əhalinin həyat təhlükəsizliyinin təmin olunması məqsədilə həyata keçirilmiş tədbirlər, dövlət başçısının göstərişlərinə əsasən fövqəladə hadisələrlə üzləşmiş ölkələrə göstərilən yardımlar, FHN-in maddi-texniki bazasının daha da gücləndirilməsi ilə bağlı atılan addımlar və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib, nazirliyə göstərdiyi yüksək diqqət və qayğıya görə prezident İlham Əliyevə səxsi heyət adından dərin təşəkkürünü bildirib.

Sonra nazirliyin bir qrup əməkdaşına ali hərbi rütbə, orden və medalların verilməsi haqqında prezident İlham Əliyevin imzaladığı sərəncamlar oxunub. İclasda xidmətdə fərqlənən əməkdaşların həvəsləndirilməsi tədbirləri haqqında fövqəladə hallar nazirinin əmri barədə də məlumat verilib.

Sonda iclas iştirakçıları adından prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

KATEQORIYA:
Bu xəbəri paylaş