Əfqanıstan müharibəsi veteranları cəbhədə olublar

Bir neçə gün əvvəl cəbhə bölgələrinə yollanmış Əfqanıstan müharibəsi veteranlarının bir qrupu Bakıya dönüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, bir həftə davam edən səfər çərçivəsində keçmiş beynəlmiləlçi-döyüşçülər hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhalisi ilə görüşüb, düşmənlə təmas xəttində xidməti şəraitlə tanış olub, gənc əsgərlərlə müxtəlif hərbi peşələr üzrə nümunəvi dərslər keçib və əllərinə silah alaraq vətən müdafiəçiləri ilə birlikdə ön səngərdə gecə döyüş növbəsində durublar.

Dəfələrlə Ermənistan silahlı bölmələri tərəfindən atəşkəs rejiminin pozulduğunun şahidi olan vətənpərvər oğullar düşmənin susdurulmasında da yaxından iştirak ediblər.

Cəbhə bölgələrinə səfərin iştirakçılarını Şəmkir şəhərində Əfqanıstan müharibəsinin fəal döyüşçülərindən olan Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Rövşən Əkbərov qarşılayıb. O, bu səfərin həm hərbi hissələrin şəxsi heyətinin, həm də yerli əhalinin döyüş ruhunun, mənəvi-psixoloji hazırlığının yüksəldilməsində müstəsna rol oynayacağına əminliyini bildirib.

Səfərin iştirakçıları Tovuz, Qazax, Gədəbəy, Ağdam, Tərtər, Goranboy bölgələrində, ön səngərlərdə olublar.

“Azərbaycan Əfqanıstan Veteranları” İctimai Birliyinin sədri, Qarabağ müharibəsinin iştirakçısı Məhəmməd Vəliyev səfər təəssüratlarını bölüşərək qeyd edib ki, bu səfər unudulmaz və yaddaqalan tarixi hadisəyə çevrilib.

Əfqanıstan müharibəsindən iki “Qırmızı Döyüş Bayrağı” ordeni ilə Vətənə qayıtmış ehtiyatda olan zabit Şakir Əhmədov, “Qırmızı Ulduz” ordenli Əbülfət Hüseynov, “İgidliyə görə” medalı ilə təltif olunmuş Məhiyyəddin Rüstəmov və başqaları yenidən cəbhə bölgələrinə qayıtmaq, işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda son döyüşlərə atılacaq Vətən müdafiəçiləri ilə birlikdə Qarabağa zəfər yürüşündə xilaskar döyüşçü kimi iştirak etmək arzusunda olduqlarını bildiriblər.

KATEQORIYA:
Bu xəbəri paylaş