Əfqanıstan müharibəsi veteranlarının bir qrupu cəbhə bölgələrinə yola düşüb

Əfqanıstan müharibəsi veteranlarının bir qrupu cəbhə bölgələrinə yola düşüblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, sıralarında üç min nəfərdən çox veteranı birləşdirən Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev deyib ki, digər qeyri-hökumət təşkilatları kimi bizim ictimai birlik də ölkə rəhbərliyinini daimi diqqət və qayğısı ilə əhatə olunub. Biz də çalışırıq ki, həmişə, hər yerdə xalqımıza, dövlətimizə sədaqət nümunələri göstərək. Ümummilli lider Heydər Əliyev də biz Əfqanıstan müharibəsi veteranlarını böyük qüvvə kimi qiymətləndirərdi. 1993-cü ilin 2 noyabrında liderimizin Azərbaycan Radio və Televiziyası vasitəsilə xalqa müraciət edəndə rəhbərimizin səsinə ilk səs verənlər məhz Əfqanıstan müharibəsi veteranları olub”.

M. Vəliyev vurğulayıb ki, son vaxtlar cəbhədə Ermənistan silahlı bölmələri daha da fəallaşıb. Hər gün atəşkəs rejimi onlarla dəfə pozulur. Lakin Azərbaycan əsgəri qəhrəmanlıq nümunələri göstərərək cavab atəşləri ilə düşməni susdurur, kəşfiyyat-təxribat qrupları əvvəlcədən aşkarlanaraq qarşısı mərdliklə alınır. Təxribat uçuşları edərək hava məkanımıza daxil olmuş düşmən helikopterinin vurulması, bir neçə pilotsuz uçuş aparatının məhv edilməsi bütün xalqımız kimi bizi də sevindirir.

Müdafiə Nazirliyinin zabiti, polkovnik Abdulla Qurbani isə bildirib ki, bir həftə davam edəcək bu səfər zamanı cəbhə bölgələrindəki hərbi hissələrin şəxsi heyəti, eləcə də yerli əhali ilə görüşlər təşkil olunacaq, Qarabağ uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Əfqanıstan müharibəsi veteranları olan Milli Qəhrəmanlar anılacaq, peşəkar veteranlar müxtəlif hərbi ixtisaslar üzrə gənc əsgərlərlə məşğələlər keçəcək, birgə təlimlərə qatılacaq, ayrı-ayrı postlarda gecə döyüş növbəsində duracaqlar. Bütün bunlar hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığının yüksəlməsinə və qarşıya qoyulmuş müqəddəs vəzifələrin qələbə ilə nəticələnəcəyinə yönəldilmiş tədbirlərdir.

Veteranlardan iki dəfə “Qırmızı Bayraq” ordenli ehtiyatda olan polkovnik-leytenant Şakir Əhmədov, ehtiyatda olan polkovnik Cəlil Xəlilov, “Qırmızı Ulduz” ordenli Əbülfət Hüseynov və Müdafiə Nazirliyinin zabiti, polkovnik Nazim Əhmədov Əfqanıstan müharibəsi veteranlarının cəbhəboyu bölgələrə bu səfərlərini həm Vətən müdafiəçilərinin, həm də veteranların həyatında unudulmaz hadisəyə çevriləcəyini deyiblər.

KATEQORIYA:
Bu xəbəri paylaş