Əfqanıstan mütəxəssisləri Azərbaycanın minatəmizləmə təcrübəsini öyrənir

Əfqanıstan Milli Fəlakətlər İdarəsinin baş direktoru Mohammad Daim Kakarın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana gəlib. Bu barədə “AzeriDefence”yə Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) məlumat verilib.

Heyətdə qurumun ikinci vitse-prezidentin aparat rəhbəri Abdul Hamid Nab və Əfqanıstan Minatəmizləmə Departamentinin direktoru Samandari Mohd Qasim təmsil olunur.

Əfqanıstan nümayəndə heyəti ilə birgə Tacikistan Minatəmizləmə Mərkəzinin Direktoru cənab Muxabbed İbrohimov da Azərbaycana səfərdədir.

İyulun 3-də Əfqanıstan nümayəndə heyəti və Tacikistan Minatəmizləmə Mərkəzinin direktoru Füzuli regionunda aparılan əməliyyatlarla və eləcə də, minaaxtaran itlər və mexaniki minatəmizləmə maşınlarının fəaliyyəti ilə tanışlıq məqsədilə ANAMA-nın Füzuli Regional Bazasına, iyulun 4-də isə ANAMA tərəfindən keçirilən təlimlər və təlim avadanlıqları ilə tanışlıq məqsədilə Göygöl Regional Təlim Bazasına səfər edəcək.

Qeyd edək ki, 2009-cu ildən etibarən Azərbaycan Hökumətinin Əfqanıstan İslam Respublikasına “qeyri-hərbi sahədə humanitar yardim proqramı” çərçivəsində ANAMA tərəfindən Əfqanıstan Minatəmizləmə Departamentinə milli potensialın yaradılması, keyfiyyətin qiymətləndirilməsi, Mina Aksiyası İnformasiya İdarəetmə Sistemi (İMSMA), Mina Təhlükəsinə dair Maarifləndirmə (MTM) sahəsində yardım, eləcə də MTM üzrə şagirdlər üçün 24000 ədəd, müəllimlər üçün 1500 ədəd vəsaitin çap edilərək çatdırılması üzrə xeyli iş görülüb. ANAMA mütəxəssisləri tərəfindən Kabil şəhəri və Pərvan əyaləti məktəblərinin 800 müəllimi üçün MTM üzrə təlimlər keçirilib. Qeyd olunan işlər 2012 və 2013-cü ildə də davam etdiriləcək.

KATEQORIYA:
Bu xəbəri paylaş