Füzulidə mülki şəxs piyada əleyhinə minaya düşüb

Füzulidə mülki şəxs piyada əleyhinə minaya düşüb

Yanvarın 1-də səhər saatlarında Azərbaycan vətəndaşı, 1981-ci il təvəllüdlü Babayev Zabil Qabil oğlu Füzuli rayonunun işğaldan azad olunmuş ərazisində olarkən piyada əleyhinə minaya düşüb, nəticədə ağır dərəcəli bədən xəsarəti alaraq hər iki ayağı travmatik amputasiya olunub.

“Azeri Defence” xəbər verir ki, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) yaydığı birgə məlumatına görə, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Dövlət qurumları tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, vətəndaşlar postlardan yayınaraq işğaldan azad olunmuş ərazilərə daxil olur və bunun nəticəsində mina və partlamamış hərbi sursat təhlükəsi riskinə məruz qalırlar. Xüsusilə qeyd edilməlidir ki, hazırda bu ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatı həyata keçirilir.

Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və ANAMA bir daha əhaliyə xəbərdarlıq edərək, xüsusi icazə olmadan işğaldan azad edilmiş ərazilərin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənənədək həmin bölgələrə səfər etməmələrini xahiş edir.

KATEQORIYA:
Bu xəbəri paylaş