Füzuli və Tərtər rayonlarında partlamamış hərbi sursatlar aşkar olunub – FOTOLAR

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların (PHS) zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

Bu barədə “AzeriDefence”yə ANAMA-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilir ki, mayın 26-da DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminin məlumatı əsasında Agentliyin mütəxəssisləri tərəfindən Füzuli rayonunun Əhmədalılar kəndi ərazisindəki 1 evə və həyətyanı sahəyə baxış keçirilib. Baxış zamanı 1 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 250 kv.m ərazi yoxlanılıb.

Bundan başqa həmin gün Agentliyin əməliyyat qrupu tərəfindən Tərtər rayonunun Qaradağlı kəndi ərazisindəki suvarma kanalının kənarında 1 ədəd 120 mm-lik minaatan mərmisi (OF-843) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb, nəticə etibarilə 500 kv.m ərazi yoxlanılıb.

Məlumatda həmçinin o da qeyd olunub ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində isə gün ərzində 1 074 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat aşkar edilməyib. Nəticə etibarilə 23 690 kv.m (2.37 ha) ərazi tam təmizlənib, 21 300 kv.m (2.13 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

KATEQORIYA:
Bu xəbəri paylaş