Füzulidəki döyüşlə bağlı son xəbər

Füzulidə döyüşlər səngiyib və bu gecə atışmalar demək olar ki fasilələrlə olub. “AzeriDefence.com” saytının bölgəyə ezam olunmuş hərbçilərdən aldığı məlumata görə, ötən günün müxtəlif vaxtlarında Horadiz kəndi istiqamətində döyüşlər olub.

Füzulidəki döyüşlərin bəzi detalları da bəlli olub. Belə ki, döyüş ermənilərin diversiya-təxribat qrupunun iyunun 7-si səhər saatlarında Azərbaycan Ordusunun ərazidəki mövqelərinə basqın cəhdi ilə başlayıb. Ön postdakı əsgərlər qarşı tərəfin ilk həmlələrin dəf edib. Bundan sonra ermənilərin əraziyə əlavə xüsusi təyinatlı qüvvələr göndərməsinə cavab olaraq, Azərbaycan Ordusu da bu və digər istiqamətdəki postlara önləyici tədbir olaraq əlavə qüvvələr çıxarıb.

Son məlumata görə, ötən gün hücumu dəf edilən ermənilərin cəbhə xəttində neytral zonada bir neçə meyidi qalıb. Qarşı tərəf həmin meyidləri götürməyə gün ərzində cəhdlər edib.

Azərbaycan tərəfinin itkiləri barədə isə heç bir məlumat verilməyib.

Döyüşlərlə əlaqədar Füzulidəki bütün hərbi hissələr və güc strukturları döyüş hazırlığı vəziyyətində olub.

Qarşı tərəfdə hərəkətlilik müşahidə olunur və ermənilərin təxribat cəhdlərini davam etdirməsi ehtimalları hələ də qalmaqdadır. Bununla bağlı cəbhə xətti yaxınlığında təsərrüfat işləri ilə məşğul olan əhaliyə ehtiyatlı olmaq tapşırılıb.

KATEQORIYA:
Bu xəbəri paylaş