Gəncədə tank əleyhinə raket, Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb – FOTO

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən partlamamış hərbi sursatların zərərsizləşdirilməsi tədbirləri davam etdirilir.

ANAMA-dan “AzeriDefence”yə verilən məlumata görə, dekabrın 13-də Agentliyə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Gəncə şəhəri, Kəpəz rayonu, DOS 102 ünvanında 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə 138 saylı binanın zirzəmisinə baxış keçirilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd partlamamış hərbi sursat (PQ-18) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Aşkar olunmuş sursatın ətrafında 80 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Bundan başqa ANAMA mütəxəssisləri tərəfindən Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində gün ərzində 16 800 (1.68 ha) ərazi tam təmizlənib, 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilərək zərərsizləşdirilməsi üçün götürülüb.

Ümumilikdə 26 gün ərzində Agentlik tərəfindən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin ətrafında olan və suvarma kanalının çəkilməsi nəzərdə tutulan ərazilərdə aparılan təmizləmə əməliyyatları zamanı 11 ədəd partlamamış hərbi sursat (PHS) (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 2 ədəd RQ-42 əl qumbarası, 2 ədəd TM-62 minasının gücləndiricisi və 5 ədəd tank əleyhinə idarə olunmayan raket (PQ-7)), 2 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib. Nəticə etibarilə 486 680 kv.m (48.67 ha) ərazi tam təmizlənib, 236 766 kv.m (23.68 ha) ərazi 20 sm dərinliyində 180 700 kv.m (18.07 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir. Əməliyyatlarda 49 nəfərlik şəxsi heyət iştirak edir.

 

KATEQORIYA:
Bu xəbəri paylaş